Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlar əsasında cari ilin 10 ayı ərzində ümumilikdə 356 əczaçılıq müəssisəsində nəzarət yoxlamaları keçirilib. Nöqsanlar aşkarlanan 103 əczaçılıq müəssisəsinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.
Bu barədə Demokrat.az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Həmçinin bildirilib ki, 2025-ci ilin yanvar ayının 1-dən noyabr ayının 1-ə qədər Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinə dərmanların əlavə təsirləri haqqında 235 bildiriş daxil olub: "Əlavə təsirləri müəyyən və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə təqdim edilən məlumatlar Mərkəz tərəfindən ciddi araşdırılır. Təqdim edilən məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürülür. Qiymətləndirmə nəticəsində müxtəlif tədbirlər görülür. Tibb işçiləri və pasiyentlər üçün dərman vasitəsi haqqında yeni təhlükəsizlik məlumatları hazırlanır, dərman vasitəsinin istifadəsi üzrə təlimatda (içlik vərəqəsində) dəyişiklik edilir, təyinatı məhdudlaşdırılır, dərman vasitəsi geri çağırılır və s. Bu məlumatlar mütəmadi olaraq Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində dərc olunur".
Cavidan Mirzəzadə Demokrat.az


