"Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən, 5 və daha çox uşağa himayə etmiş qadınların pensiyaya çıxma yaşı ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlər 8 yaşına qədər olan uşaqları 8 il ərzində, 5 yaşına qədər olan uşaqları isə 5 il ərzində himayə etmiş qadınlara şamil olunur. Eyni zamanda, müəyyən fiziki əngəlli uşaqları olan analar üçün də Əmək Məcəlləsində pensiya yaş həddi ilə bağlı müvafiq qaydalar müəyyən edilib".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O bildirib ki, 3 və daha çox uşağı olan insanların pensiyaya çıxmaq hüququna gəlincə, bu hüquq verilərsə, həm qadınlar, həm də kişilər üçün nəzərdə tutulmalıdır:
"Çünki hər iki tərəf valideyn kateqoriyasına daxildir və bu baxımdan eyni statusa malik olmalıdırlar.Lakin mən hesab edirəm ki, 3 və daha çox uşağı olan insanların daha erkən pensiyaya çıxması məsələsinin təsdiqi o qədər də real deyil. Çünki bu məsələ ilə bağlı cəmiyyətdə fikir ayrılıqları yarana bilər. 3 və daha çox uşaqlı ailələrin sayı kifayət qədər çoxdur və bu kateqoriyadan olan insanların daha tez pensiyaya çıxması sosial təbəqələşmədə müəyyən boşluqlar yarada bilər. Bu, xüsusilə sosial stratifikasiyanın pozulması kimi nəticələrə gətirib çıxara bilər".
Sosioloq deyib ki, təcrübəli insanlar, istər qadın, istər kişi olsun, əmək bazarından vaxtından əvvəl ayrılarsa, onların bilik və bacarıqlarını gənc nəslə ötürmək imkanı azalacaq:
"Bu da peşə vərdişlərinin ötürülməsi prosesinə mənfi təsir göstərə bilər. Nəticə etibarilə, bu təklif müzakirə mövzusu kimi qalmalıdır. Amma onun qanun şəklində qəbul olunması yaxın zamanda gözlənilən hal hesab edilmir".
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisdə 3 və daha çox uşağı olan valideynlərin pensiyaya 5 il erkən çıxması məsələsi təklif olunub.
Əfsanə Kamal Demokrat.az


