Aylardır evdə kranlardan suyun axmasına baxmayaraq, yoldaşının onu düzəltməməsindən şikayətlənən bir qadının sözləri diqqətimi çəkdi. O an düşündüm ki, nə üçün suyu israf edən insanlar cərimə olunmur? Axı aylarla davam edən bu israfın dəhşətini, görünür, sadəcə mən hiss etmişəm.
Atalarımızın “Dama-dama göl olar” sözündə səbr və davamlılıqdan söhbət getsə də, çoxları bu ifadənin mahiyyətini anlamır. Biz hələ o “göl”ün necə yarandığını görməmişik. Əllərinə bir loxma çörək düşəndə onu öpüb başının üstünə qoyan Azərbaycan xalqı, təəssüf ki, suyun müqəddəsliyini eyni dərəcədə qiymətləndirmir.
Təsəvvür edin, insanlara rəsmi şəkildə desələr ki, yaxın gələcəkdə oksigen tükənəcək, çoxumuz həyəcan və qorxudan ürək tutmasından dünyamızı dəyişərik. Amma hər gün boş-boşuna axıtdığımız suyun da həyat qədər vacib olduğunu dərk etmirik. Evdə kranı açıq qoymaqla, cəmi 50 qəpiyə maşın yudurtmaqla, ağacları ehtiyacdan artıq suvarmaqla tonlarla su itiririk.
Əgər məişətdə bu qədər israf varsa, bir də düşünün, kənd təsərrüfatında — köhnəlmiş, səmərəsiz suvarma sistemləri üzündən nə qədər su itiririk. Su artıq həm dövlət, həm də xalq üçün neft və qaz kimi strateji sərvətə çevrilib. Azərbaycan su ehtiyatlarına görə qonşu ölkələrdən gələn çaylardan asılı vəziyyətdədir, amma o çaylar da sənaye istismarının təsirinə məruz qalır.
Yağıntıların azalması və iqlim dəyişiklikləri təbii prosesdir, lakin biz bu prosesi süni israfla daha da sürətləndiririk. Yarısından çoxu sudan ibarət olan bir planetdə susuz qalmaq təhlükəsinə doğru addımlayırıq. Bəlkə də indi deməli olduğumuz ən doğru söz budur ki, geriyə dönüş yoxdur.
İqlim problemləri bu kontekstdə bəşəriyyətin qarşısında dayanan ən ciddi qlobal məsələlərdəndir. Elə buna görə də COP29 kimi iqlim mövzusuna həsr olunmuş beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Bu tədbirdə qlobal miqyasda su və iqlim balansının qorunması üçün mühüm qərarlar qəbul edildi.
Hazırda həm hökumət, həm də media Xəzər dənizində suyun səviyyəsinin azalmasını və ümumilikdə ölkədə su ehtiyatlarının tükənməsini diqqət mərkəzində saxlayır. Gələcəkdə su qıtlığı ilə bağlı problemlərin qarşısını almaq üçün dövlət səviyyəsində müxtəlif layihələr hazırlanır. Amma bütün bu səylərin uğuru cəmiyyətin maariflənməsindən keçir.
Hər bir vətəndaş anlamalıdır ki, o da bu prosesdə məsul şəxsdir. Gələcək nəsillər üçün təkcə yaşanılacaq ev-eşik deyil, yaşanılacaq bir planet saxlamaq daha vacibdir.
Su bizə miras qaldığı kimi həm də bizdən sonrakılara miras qalacaq ən qiymətli maddədir. Elə yaşamalıyıq ki, gələcək nəsillər tarix kitablarını səhifələyəndə deməsinlər “tfu, sizin üzünüzə”.
Əfsanə Kamal Demokrat.az


