Çində müxtəlif sahələr üzrə blogerlik edən şəxslərdən ixtisasını sübut edən diplom tələb olunacaq, bununla da sosial şəbəkələrə nəzarət gücləndiriləcək, yalan məlumatların yayılmasının qarşısı alınacaq.
Ölkəmizdə də sosial şəbəkələr vasitəsilə müxtəlif sahələrdə rəy bildirən, ekspertlik, blogerlik edən şəxslər var. Bəs Azərbaycanda sözügedən tələb qoyula bilərmi?
Bu barədə Demokrat.az-a danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, sosial şəbəkələrdə tənzimlənməyə ehtiyac var:
“Müasir dövr çox mürəkkəb dövrdür - sosial şəbəkələr, informasiya texnologiyaları, sürətli formada yayılan məlumat axını. Bütün bunlar onu göstərir ki, bu gün biz çox ciddi dəyişikliklərlə üz-üzəyik. Bu da reallıqdır ki, sosial media ictimai rəyə təsir edən vasitələrdən birinə çevrilib.
Sosial media insanların həyatının bir hissəsidir, onların şüurunə, fikrinə ciddi təir göstərir. Ona görə də sosial medianın ciddi bir formada tənzimlənməsinə ehtiyac var. Azərbaycanda da ictimai rəyə təsir göstərən şəxslər var. Mən də düşünürəm ki, əgər bir şəxs hansısa sahə üzrə rəy bildirirsə, blogerlik edirsə, həmin sahəni dərindən bilməlidir, məlumatlı olmalıdır”.
Cavidan Mirzəzadə Demokrat.az


