Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.
Bu barədəDemokrat.az-aAZAL-dan bildiriblər.
Qeyd olunub ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq, artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.
Bakı-İstanbul-Bakı marşrutu üzrə əlavə reyslər iyunun 26-sı və 29-da yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.
Bundan əlavə, AZAL iyulun 2-dən etibarən Mərkəzi Asiya ölkələrinə uçuş proqramını genişləndirir. Daşkənd istiqamətinə əlavə reyslər çərşənbə axşamları, Almatıya çərşənbə günləri, Astanaya isə cümə axşamları yerinə yetiriləcək. Hər bir istiqamət üzrə həftədə 6 reys planlaşdırılıb.
AZAL sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edib. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçünwww.azal.azrəsmi saytına, aviaşirkətin mobil tətbiqinə və akkreditə olunmuş agentliklərə müraciət etmək olar.


