Gündəm Özəl

Xırdalanda döyülən və bıçaqlanan kuryerlə bağlı TƏBİB-dən AÇIQLAMA

Xırdalanda döyülən və bıçaqlanan kuryerlə bağlı TƏBİB-dən AÇIQLAMA

Xırdalanda bir neçə nəfər tərəfindən döyülən və bıçaqlanan kuryer xəstəxanadan evə buraxılıb.

Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:

"Ötən gün saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan ərazisində təcili tibbi yardım xidmətinə çağırış daxil olub.

Çağırış əsasında saat 21:09-da ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda xəsarət alan şəxsin vətəndaşlar tərəfindən tibb müəssisəsinə aparıldığı bildirilib.

2003-cü il təvəllüdlü şəxs (kişi cinsli) saat 21:20 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Sağ budun aşağı 1/3 hissəsinin və sağrı nahiyəsinin kəsilmiş, deşilmiş yarası, başın təpə nahiyəsinin cızılmış yarası diaqnozları təyin edilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb".

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova