Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində məktəbəqədər təhsillə bağlı tətbiq olunan yeniliklərdən danışıb. Onun sözlərinə görə 2023-2024-cü ildə 14 yeni bağça tikilib istifadəyə verilib, 5 bağça əsaslı təmir olunub. Hazırda məktəbəqədər təhsilə cəlb ediləcək uşaqların sayının 50 faizə çatdırılması hədəflənir: "Bağçaların Elm və Təhsil Nazirliyi sisteminə keçdiyi 2 il müddətində müxtəlif istiqamətlər üzrə yeniliklər tətbiq olunur. İki il müddətində məktəbəqədər təhsil sahəsində xeyli işlər görülüb. Əlçatanlığın, şəffaflığın təmin edilməsi məqsədilə bir sıra proseslərimizi elektronlaşdırmışıq. Elektron sistemlər hər kəs üçün bərabər imkanlar yaratmaqla yanaşı, eyni zamanda bu proseslərdə insan faktorunu minimuma endirərək məlumatların düzgünlük və dəqiqliyini artırıb".
Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, təhsilin inkişafı üzrə dövlət strategiyasına əsasən məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların sayı 2021-ci ildə 90 faizə çatdırılmalı idi:

“Lakin bunu yalnız məktəbə hazırlıq qruplarında edə bildik, yəni 5 yaşlı uşaqlarla. Ölkədə 2 minə yaxın məktəbəqədər təhsil müəssisəsi var, bunlarda da ortalama 18 min yer var. Göründüyü kimi, bu, çox kiçik rəqəmdir. Müxtəlif layihələr əsasında müəyyən işlər görülür, amma uşaq sayının 50 faizə çatdırılması reallığa uyğun deyil. Bu problemin həlli üçün sistemli iş görmək lazımdır. Özəl bağçaların boş qalan yerlərinə uşaqların qəbulu üçün dövlət tərəfindən ödəniş ediləcək. Qanunvericilik bazasında müəyyən dəyişikliklərə ehtiyac var. Nazirlər Kabinetinin qərarında məktəbəqədər təhsillə bağlı tələblər yumşaldılmalıdır. Özəl müəssisələr tikən sahibkarlara uzun müddətli faizsiz kreditlər verilməlidir, bu sahədə özəl sektor təşviq edilməlidir. Düşünürəm ki, 25 faizə belə çatmağımız üçün hələ çox işlər görülməlidir. Bu sahədə çox problem var, ona görə də qısa zaman ərzində aradan qaldırılması real görünmür”.
Törə Zeynallı Demokrat.az


