Gündəm Özəl

Millət vəkili: "Füzuli Qarabağın açarıdır"

Millət vəkili: Füzuli Qarabağın açarıdır

“Bu gün Füzulinin erməni işğalından azad edildiyi gündür. Füzulinin adı bizə doğmadır, çünki Qarabağa giriş buradan başlayır, Füzuli Qarabağın açarıdır. Düşmən burada çox sayda müdafiə xətti qurmuşdu, ağlına da gəlmirdi ki, Azərbaycan əsgəri bu müdafiə sədlərini keçə bilər. Füzulinin azad edilməsi ilə qalan torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda azadlıq yürüşü başladı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. A.İsgəndərov tarixə nəzər salaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsinin hər günü Azərbaycanın qəhrəmanlıqla dolu səhifəsidir:

“Sovet dövlətinin süqutu ərəfəsində düşmən Sovet dövlətinin ona olan münasibətindən və Qərbin havadarlığından istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Qərbi Azərbaycan da daxil olmaqla bir milyona yaxın insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Təəssüflər olsun ki, o zaman bizə elə gəlirdi ki, dünyanın böyük dövlətləri, beynəlxalq təşkilatlar ədalət carçılarıdır, bu ədalətsizliyə dözməyəcəklər və haqqın öz yerini tapması üçün əllərindən gələni edəcəklər. Bunun əvəzinə ATƏT-in Minsk Qrupu kimi bir təşkilat yaradıldı və yarıtmaz fəaliyyəti nəticəsində torpaqlarımız uzun illər işğal altında qaldı”.

Tarixçi deputat vurğulayıb ki, nəhayət, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə 44 gündə düşmən ordusu darmadağın edildi, torpaqlarımız işğaldan azad edildi:

“Düşmən kəndlərimizi, şəhərlərimizi viran qoymuş, abidələrimizi, mədəniyyətimizi yerlə yeksan etmişdi. Artıq əzəli torpaqlarımızda əsaslı quruculuq işləri gedir, tariximiz dirçəlir. Azad Füzulinin bərpa planı da hazırdır, bugünkü Füzuli əvvəlkindən də gözəldir. İllər keçəcək Azərbaycan xalqı Füzulinin yeni tarixini yazacaq və bu tarix bizə ibrət dərsi olacaq. Torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımız isə unudulmayacaq. Tarixdən ibrət almalıyıq ki, düşmənimizin kim olduğunu heç vaxt unutmayaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova