Bu gün ABŞ konqresində konkret senatorlar var ki, erməni lobbisi ilə açıq-aşkar əməkdaşlıq edirlər. Hətta bunu erməni dostluq qrupu adı altında gerçəkləşdirirlər.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, ABŞ hazırda Azərbaycana qarşı əsassız iddialar, qarayaxma kampaniyaları, manipulyasiya cəhdləri edirlər:
“Bu gün bəzi amerikalı senatorlar, konqresmenlər lobbinin təlimatı əsasında əsassız surətdə erməni haqlarından, Qarabağa qayıdışdan, regionun demoqrafik vəziyyətinin dırnaqarası pozulması kimi iddialardan bəhs edirlər. Yəni bunlar artıq məsələnin geridə qalmış və bitmiş hissəsidir. Azərbaycan heç vaxt Qarabağın erməni etnik kimliyini dəyişməyib, əksinə Birinci Qarabağ müharibəsi zamanı ermənilər azərbaycanlıları zorla, silah gücü ilə buradan çıxarıblar. Yəni bütün bu prosesləri ermənilər özləri etmişkən Azərbaycanı regionun demoqrafik vəziyyətində günahlandırmaq absurd məsələdir. Bunun ABŞ konqresindən səslənməsi də bir o qədər gülünc məsələdir. Bu ölkə özünü demokratiyanın qoruyucusu hesab etsə də, digər məsələlərin nə demokratiyada yeri var, nə də insan haqlarında, nə də ki, dövlətlərarası münasibətlərin tərkib hissəsi deyil. Azərbaycan və ABŞ arasında müxtəlif vaxtlarda problemlər olub. Amma ümumi mənada iki ölkə arasında münasibətlər normal idi. Təəssüflər olsun ki, ABŞ-dakı bəzi şəxslər dövlətin ümumi xarici siyasətinə ciddi təsir edirlər. ABŞ regionda daha ciddi proseslərin baş verdiyini görür. Yəni supergüc ədası ilə çıxış edən dünyada özünü demokratiyanın qoruyucusu adlandıran bir ölkənin bir neçə erməni milyarderin və lobbisinin əlində oyuncağa çevirilməsi gülünc bir haldır”.
Mehriban Mirzəzadə Demokrat.az


