Gündəm Özəl

“Əgər müəssisə işçini əsassız şəkildə işdən çıxarırsa...” — Qanunvericilik nə deyir?

“Əgər müəssisə işçini əsassız şəkildə işdən çıxarırsa...” — Qanunvericilik nə deyir?

Vətəndaşların bir çoxu işdən çıxarkən problem yaşayır. Söhbət işəgötürən tərəfindən qanunsuz şəkildə işdən çıxarıldıqda işçiyə hər hansı bir kompensasiyanın ödənilməməsindən gedir. Bunun da səbəbi çox vaxt işçiyə öz istəyi ilə işdən ayrılmaq haqda ərizə yazdırılmasıdır. Bir çox şirkətlər, müəssisələr bağlandıqda işçinin əmək kitabına öz istəyi ilə işdən ayrıldığı qeyd olunur. Bəzi şəxslər bilməyərəkdən, bəziləri də məcbur qalıb ərizəyə qol çəkirlər. Bu zaman işsiz qalan şəxs iş tapana qədər dövlətdən yardım da ala bilmir. Halbuki qanunvericiliyə görə özündən asılı olmayan səbəblərdən işdən çıxarılan şəxsə iş tapana qədər dövlət tərəfindən müəyyən məbləğ ödənilir.

Hüquqşünas Sahib Məmmədov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. S.Məmmədov bu vəziyyətin gələcəkdə pensiya ilə bağlı problem yaratmayacağını qeyd edib:

“Pensiya ilə bağlı problem yarana bilməz. Amma, bəli, elə hallar var ki, işçiyə deyirlər işdən çıx, yoxsa, biz 70 C maddəsi ilə səni işdən çıxaracayıq. Belə yollarla hədələyirlər işçini, o da məcburiyyət qarşısında ərizəni yazıb işdən çıxır. Amma mən belə etməyi tövsiyə etməzdim. Əgər müəssisə işçini əsassız şəkildə işdən çıxarırsa, o, mediasiya müraciət etməklə iş yerini bərpa edə bilər. Amma özü ərizə yazdığı halda bunu etmək çətin olur. İxtisara düşmək, əmək şəraitinin dəyişməsi və ya əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək fəaliyyətinə xitam verildiyi halda şəxs işsizlikdən sığorta fondundan müavinət ala bilər. Amma öz istəyi ilə ərizə yazdıqda bu ödənişi ala bilməyəcək. Ona görə də yaxşı olar ki, işçilər belə hallarla razılaşmasınlar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova