Gündəm Özəl

Tahir Rzayev: “Azərbaycan milli maraqlarına zidd olan heç bir fikirlə razılaşmayacaq”

Tahir Rzayev: “Azərbaycan milli maraqlarına zidd olan heç bir fikirlə razılaşmayacaq”

Xəbər verdiyimiz kimi, bu gün Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin iştirakı ilə BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Azərbaycan xarici işlər Naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü baş tutacaq.

Görüşün təfərrüatlarını Demokrat.az-a şərh edən millət vəkili Tahir Rzayev bildirib ki, keçirilən hər bir görüş münasibətləri aydınlaşdırmaq baxımından faydalıdır:

“Ancaq demək olar ki, belə görüşlər çox keçirilsə də, Azərbaycanın milli maraqlarını müdafiə edən hər hansı bir qərar qəbul edilmir. Bəzən bu görüşlər rəsmi xarakter daşıyır və tərəflərin fikirlərini öyrənmək üçün keçirilir. Ancaq nəticədə yenə də haqlı ilə haqsız tərəf müəyyən edilib, qəti bir qərara gəlinmir. Bizi narahat edən məsələ odur ki, bu görüşlərdən sonra Ermənistana daha çox dəstək verilməsi müşahidə edilir. Hər birimizə yaxşı məlumdur ki, istər Avropa İttifaqı, istərsə də ABŞ hər iki dövlət Fransa ilə bərabər daimi olaraq təcavüzkar Ermənistanın mövqeyindən çıxış edirlər. Hətta bu görüşlərdən sonra Ermənistana maliyyə vəsaiti ayrılır. Onlara əlavə imtiyazlar verilir, maddi, mənəvi, hərbi yardım göstərilir. Sözsüz ki, bu görüşdə əsas mövzu sülh müqaviləsinin bağlanmasına yönələcək. Hər iki nazirin bu məsələyə münasibəti aydınlaşacaq və yeni təkliflər irəli sürüləcəkdir. Azərbaycanın mövqeyi bu məsələdə bütün dünyaya aydındır. Ermənistana dəfələrlə sülh çağırışları edilib. Cənab Prezidentimiz İlham Əliyev özünün son çıxışlarında sülh müqaviləsinin bağlanmasına aydın mövqeyini ortaya qoyub. ABŞ-ın, Fransanın, AŞPA-nın kölgəsi altında olan və onlara arxalanan Ermənistan hakimiyyəti bu gün çıxış yolunu özündə yox, xarici ölkələrdə görür. Bu görüşlərdə xarici ölkələrin fikirləri daha çox üstünlük təşkil edəcək. Azərbaycan öz milli maraqlarına zidd olan heç bir fikirlə razılaşmayacaq”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova