Bakının Yasamal rayonunda 1978-ci il təvəllüdlü Hətəm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xəyaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 13-də baş verib. Hətəm həmin gün saat 20:00-da yaşadığı mənzildə şəxsi münasibətlərin pozulması zəminində arvadı Xəyaləyə başından əli və dəmir çömçə ilə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Hətəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hətəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, bildirib ki, 2000-ci ildə Xəyalə ilə ailə qurub, birgə nigahlarından üç övladları var:
“Son zamanlar boğazımda xərçəng xəstəliyi olduğundan gecələr yata bilmədiyim üçün spirtli içkilər qəbul etdikdən sonra yata bildiyimdən ara-sıra olaraq spirtli içkilər qəbul edirəm. Xəyalə hər dəfə mənim spirtli içkilər qəbul etməyimə görə məni danladığından aramızda münaqişələr baş verir”.
Hətəm qeyd edib ki, mayın 13-də, saat 18:00-da birgə yaşadıqları Yasamal rayonu, M.Xiyabani küçəsindəki mənzillərində yemək yeyərkən bir şüşə araq içib:
“Buna görə Xəyalə yenə də deyinməyə başladı. Yemək yedikdən sonra Xəyalənin səs-küyü mənim yatmama mane oldu. Buna görə saat 20:00-da Xəyaləyə etirazımı bildirdim. Xəyalə məni nalayiq ifadələrlə təhqir etdi. Bundan sonra əsəblərimi cilovlaya bilməyərək ona yaxınlaşdım və silkələyərək danışmamasını tələb etdim. Onu arxasındakı dolaba itələyərək ayrıldım. Lakin Xəyalə sakitləşməyərək yenə də nalayiq ifadələrlə məni təhqir etdi. Mətbəxdən götürdüyüm dəmir çömçə ilə onun başından vurdum. Bundan sonra Xəyalə evdən getdi. Ertəsi gün Xəyalənin məndən polisə şikayət etməsini bildim. Münaqişə təxminən 5-10 dəqiqə davam etdi. Hadisəni heç kim görməyib”. Təqsirləndirilən şəxs bildirib ki, törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışıb və ona vurulmuş ziyan tam şəkildə ödənilib: “Xəyalənin barəmdə hər hansı şikayət və tələbi yoxdur. Bir daha zərərçəkmiş şəxsə qarşı belə əməllərə yol verməyəcəyimə söz verirəm. Onların razılığı olmadan yaşadıqları ünvana getməyəcəm, onları heç bir halda narahat etməyəcəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xəyalənin sözlərinə görə, son zamanlar Hətəm guya gecələr yata bilməməsini, spirtli içkilər qəbul etdikdən sonra yata bildiyini bildirərək mütəmadi olaraq spirtli içkilər qəbul edir və sərxoş vəziyyətdə səbəb olmadan evdə onunla münaqişələr yaradır:
“Mayın 13-də, saat 18:00-da Hətəm yenə də birgə yaşadığımız mənzillərimizdə yemək yeyərkən bir şüşə araq içdim və saat 20:00-da sərxoş vəziyyətdə mənimlə mübahisə edərək guya evdə səs-küy yaratdığından məni narahat etməsini bildirdi. Aramızda yaranmış münaqişə zamanı Hətəm məni nalayiq söyüşlərlə təhqir etdikdən sonra üstümə hücum etdi. Əli ilə başımın təpə nahiyəsindən zərbə vuraraq bir neçə dəfə arxamda yerləşən dolaba çırpdı. Bundan sonra da Hətəm sakitləşməyərək mətbəxdən metal materialından olan çömçə gətirərək bir dəfə başından vurdu. Mən Hətəmi kənara itələyərək mənzildən qaçdım. Nizami rayonunda yaşayan bacımın evinə gedərək orada gecələdim. Ertəsi gün 29-cu Polis Şöbəsinə gələrək Hətəmin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şikayət etdim”.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, zərərçəkmiş şəxsin ondan şikayətçi olamamasını nəzərə alıb. Bu səbəbdən Hətəmin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


