Bakının erməni–bolşevik işğalından azad edilməsinin növbəti ildönümü yaxınlaşır. Sözsüz ki, 15 sentyabr günü Azərbaycan tarixinin ən əlamətdar və şərəfli səhifələrindən birini özündə yaşadır.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı Demokrat.az-a açıqlamasında bu günün tarixi əhəmiyyətindən danışıb.
O qeyd edib ki, 1918-ci ilin sentyabrında Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının simvoluna çevrilib:
“Azərbaycanın zəngin təbii sərvətləri, Bakı nefti tarix boyu müxtəlif dövlətləri, imperiyaları özünə cəlb edib. Qafqaz İslam Ordusu Bakını imperialist maraqlardan, məkrli niyyətlərdən azad etdi. Şəhərin türk-müsəlman əhalisini ermənilər və ruslarla əvəz etmək də işğalçıların məqsədlərindən biri idi. Amma dostluq və qardaşlıq, birlik bu niyyəti puça çıxardı. Bakı azad edildikdən sonra Cümhuriyyətin paytaxtına çevrildi. Şəhər qapılarını doğma sakinlərinin üzünə açdı. Əmin-amanlıq, sabitlik öz yerini tapdı.
Bu gün Bakını azad edən türk əsgər və zabitlərinin xatirəsinə şəhərin ən yüksək nöqtəsində abidə ucaldılıb. Türk şəhidliyi şəhərə gələn qonaqların, dövlət xadimlərinin, hökumət nümayəndələrinin başlıca ziyarət yerlərindən birinə çevrilib. Qafqaz İslam Ordusunun xatirəsinə abidə qoyulmağı ulu öndər Heydər Əliyevin dövründə baş tutdu. Bu da təsadüfi deyil. Ulu öndər dost və qardaş Türkiyə ilə münasibətlərə böyük önəm verirdi. Bu gün Azərbaycan-Türkiyə əlaqələri zirvədədir. İki ölkə arasında bütün sahələrdə geniş və səmərəli əməkdaşlıq var, xalqlarımız arasında sarsılmaz dostluq bağları var. Türkiyə və Azərbaycan bu gün siyasi və müdafiə sahəsində ən yaxın müttəfiqdirlər. Bu müttəfiqlik hər iki ölkənin gücünü artırır, geosiyasi mövqeyini möhkəmlədir və dünya arenasında söz sahibi edir”.
Törə Zeynallı Demokrat.az


