İmişli rayonunda 1968-ci il təvəllüdlü Ehtiram şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızının həyat yoldaşı Xəlilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Hadisə 6 avqust 2021-ci ildə baş verib. Ehtiram həmin gün saat 17 radələrində yaşadığı evin həyətində kürəkəni Xəlilə qızı Sevdaya baş və sifət nahiyəsinə yumruqla vuraraq döyməsi ilə bağlı aralarında yaranan mübahisə zəmnində qisas almaq niyyətilə soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onun döş qəfəsinə bir dəfə qəsdən vurub.
Hadisəni törədən Ehtiramın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ehtiram ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, İmişli şəhər sakini Xəlil ilə qızı Sevda 18 iyul 2018-ci ildə evləniblər: “Sonradan Xəlil qızımı incitdi və bir dəfə döydü. Sonradan aralarında münasibətlər pozuldu. Qızım tez-tez acıq edərək evimə gəlib. Sevda sonuncu dəfə 2020-ci ilin oktyabrın 16-da acıq edərək evimə gəldi, mənimlə yaşayır. Xəlil bir neçə dəfə həyətimə gələrək qızımla dava edib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci dekabrın 16-da Xəlil onun evinə gəlib və evin pəcərəsinin şüşəsini sındırıb: “Həmin vaxt Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdim. Bundan 10 gün sonra Xəlil yenidən evimə gəldi. Xəlildən həyətimdən çıxmasını tələb etdim. Həmin vaxt onunla aramızda mübahisə oldu. Xəlil mənim başımın arxa ənsə nahiyyəsindən bir dəfə yumruqla vurdu. Mən isə Xəlili vurmadım. Həmin vaxt yenə də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim və Xəlilin barəsində şikayət etdim. Şikayəti əsasında İmişli Rayon Polis Şöbəsində təhqiqat aparılıb. Lakin barışmışıq. Bundan sonra da Xəlil evimə gələrək qızımı söyüb, təhqir edib”.
Ehtiram qeyd edib ki, sonuncu dəfə avqustun 6-da, saat 17 radələrində işdən evə gələndə həyətdə arvadı Süsən onu qarşılayaraq Xəlilin gəldiyini deyib: “Mən evə qalxmadan həyətdə stulda oturdum, 3-5 dəqiqə gözlədim. Xəlil və qızım Sevda evdən çıxdılar. Mən həmin vaxt ayağa qalxmadım. Xəlili Sevda ötürərək, çıxıb getməyimi bildirdi. Sevda Xəlili ötürərkən qonşumuz Səlbinaz həyətimizə gəldi. Səlbinaz Xəlilə ailəsi ilə barışmasını dedi. Xəlil Səlbinazın bu sözündən sonra gələrək mənimlə əl uzadaraq görüşdü. Mənə “Allah şeytana lənət etsin, məni bağışla” - dedi. Mən də Xəlillə “sən mənim arvadımısöymüsən, qızımı isə söyüb-döymüsən, mən səni necə bağışlayım?” - deyə sual verdim. Sonra qızım Xəlili qapıya tərəf apardı. Bu zaman Xəlilin qızımı yumruqla sifətindən vurduğunu gördüm. Həmin vaxt qızım qışqıraraq kömək istədi. Sonra evə tərəf, yəni küçə qapısıdan evə tərəf qaçdı. Mən ayağa qalxanda gözüm oturduğum stolun üzərində olan qara dəstəkli meyvə bıçağına sataşdı. Bıçağı oradan götürdüm. Bu vaxt Xəlil qızımı qova-qova üzərinə tərəf gəldi. Mən də Xəlilin qabığına çıxdım ki, onu tutaraq saxlayım. Həmin vaxt Xəlil sağ əli ilə başımın təpə-alın nahiyəsindən bir dəfə yumruqla vurdu. Həmin anda əlimdə olan bıçaqla onun bədəninin sol qarın nahiyyəsi tərəfdən vurdum. Bıçağı ani anda əsəb gəldiyindən vurduğuma görə, Xəlilin harasına vurmağımı dəqiq özüm də bilməmişəm. Sonra arvadım və baldızım aramıza girdi. Xəlil isə bağa tərəf qaçaraq getdi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xəlilin sözlərinə görə, Sevda ilə 2018-ci ildə evlənib və ər-arvad kimi yaşayıb: “Sevda ilə xasiyyətlərimiz uyğun gəlmədiyi üçün tez-tez aramızda mübahisələr yarandı. 2020-ci ilin oktyabr ayında aramızda münaqişə baş verdi. Lakin dava-dalaş olmadı. Sevda zəng edərək anası Süsəni çağırdı. Süsən gələrək Sevdanı, azyaşlı qızım Leylanı götürərək özü ilə evlərinə apardı. Həmin vaxtdan başlayaraq Sevda atasının evində yaşadı. Mən və valideynlərim Sevdanı gətirmək üçün dəfələrlə onlara getsək də, Sevda bizimlə qayıtmaqdan imtina etdi. Sevda boşanmaq üçün İmişli Rayon Məhkəməsinə ərizə verdi. Biz boşandıq, həmiçinin məhkəmə məndən iki uşağa görə 260 manat aliment alınması barədə qərar qəbul etdi”.
Zərərçəkmiş qeyd edib ki, 6 avqust 2021-ci ildə, saat 17 radələrində uşaqlarını görmək üçün Sevdanın yaşadığı atası Ehtiramın evinə gedib: “Onların həyətinə daxil oldanda məni Sevdanın anası Süsən həyətdə qarşıladı. Süsən məni evinə buraxmaq istəmədi, nə üçün gəldiyimi soruşdu. Mən Süsənə uşaqlarımı görmək üçün gəldiyimi bildirdi. Süsən mənə uşaqların yatdığını dedi. Sonra Sevda həyətə çıxdı. Mən Sevdaya da uşaqları görmək üçün gəldiyimi bildirdim. Sevda uşaqların evdə olduğunu dedi. Evə keçdim, uşaqlarla söhbət etdim. Həmin vaxt Ehtiram evdə olmayıb. Evdə uşaqlarım ilə olanda Süsən tez-tez evə gələrək mənə “söhbəti qurtar, çıx get” dedi. Bir neçə dəfə girərək çıxandan sonra “Ehtiram gəldi, həyətdədir, sənin evdə olmağını bilib, ona görə mənə irad tutdu ki, yad adam bizim evdə nə gəzir” - deyə bildirdi. Süsən və Sevda evdən getməyimi tələb etdilər. Mən evdən çıxaraq həyətə düşdüm. Birinci Ehtirama tərəf getdim, görüşmək üçün əlimi uzatdım. Ehtiram mənə dedi ki, sən utanmırsan, hələ mənə salam da verirsən” - dedi. Qonşuda yaşayan Səlbinaz adlı qadın həyətə daxil oldu. Mənim Ehtiramla söhbətim alınmadı. Ehtiram və ailə üzvləri - arvadı Süsən, qızı Sevda, baldızı məni danlamağa başladılar. Onlar mənə “sənin ailəni anan və atan dağıtdı” – dedilər. Mən də onlara cavab verəndə aramızda mübahisə yarandı. Həmin vaxt məni Sevda əli ilə itələyə-itələyə küçə qapısına tərəf apardı. Qapının qaşısına çatanda Sevdanın məni itələməsindən əsəbləşərək şillə ilə bir dəfə onun baş nahiyəsinə vurdum. Şilləni vurarkən Sevda evə tərəf getdi. Bu zaman Ehtiram stoldan qalxaraq mənə yaxınlaşdı, əlində olan bıçaqla sol qoltuqaltı nahiyyəmdən bir dəfə vuraraq mənə bədən xəsərəti yetirdi. Mən qorxaraq bağa tərəf qaçdım”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ehtiram 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


