Hadisə

Bakıda güclü yanğın — YENİLƏNDİ

Bakıda güclü yanğın — YENİLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***15:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır.

"Report"un məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.

"Report"un yanğın baş verən ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, yaxınlıqdakı insanlar təxliyə olunur.

Məlumata görə, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə fəaliyyəti ilə yanğının məhdudlaşdırılması üzrə işlər aparılır.

***15:23

Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.

***15:15

Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın başlayıb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

NE
Nihadə Eyyubova