Dövlət Statistika Komitəsi ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayını açıqlayıb. Məlumata görə 2023-cü ildə doğuş və zahılıq dövründə ölən anaların sayı 33 nəfər olub. Bu da son 13 ilin ən yüksək göstəricisidir.
Ginekoloq Təranə Həsənovanın sözlərin görə, bütün dünyada zahılıq dövründə və doğuşdan dərhal sonra baş verən qadın ölümlərinin səbəbləri arasında qanaxmalar ilk yeri tutur, yəni uşaqlığın atonik qanaxması.
Həkim Demokrat.az-a açıqlamasında ana ölümlərinə səbəb olan bir sıra halları açıqlayıb: “Qanaxmanın qarşısını almaq üçün doğuş və ya keysəriyyə əməliyyatı zamanı hökmən müvafiq tədbirlər aparılır. Lakin bəzən görülən tədbirlər nəticəsiz qala bilir, atonik qanaxma qadının ölümünə səbəb olur. Ana ölümlərinin digər səbəbi mamalıq patologiyalarıdır. Bu, eklampsiya, preeklampsiya və son nəticədə ölümə aparıb çıxara bilər. Bundan başqa ekstrogental patologiyalar da müşahidə oluna bilər, yəni daxili orqanların xəstəlikləri. Bunun baş verməməsi üçün hamiləlik dövründə qadın məsləhətxanaları hamiləni ciddi nəzarətdə saxlamalıdır. Hamilə qadın özü də məsləhətxanaya vaxtı-vaxtında müraciət etməlidir. Anestezioloji problemlər də səbəblərdən biridir. Keysəriyyə əməliyyatında anesteziya ağırlaşmalar yarada bilər. Ona görə də təbii doğuşa üstünlük vermək lazımdır. Həm əməliyyat zamanı, həm əməliyyatdan sonra çox sayda ağırlaşmalar, fəsadlar üzə çıxa bilər. Heç bir ciddi səbəb olmadan qadınların keysəriyyəyə yönəlməsi qəbuledilməzdir”.