Kriminal Özəl

Bakıda 24 yaşlı oğlan anasını döydü

Bakıda 24 yaşlı oğlan anasını döydü

Bakının Xətai rayonunda 2000-ci il təvəllüdlü Vaqif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Tamaraya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ana və oğlun birgə yaşadıqları mənzildə baş verib. Vaqif yaşadıqları evdə aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən anası Tamaranın bədəninin müxtəlif nahiyələrindən vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Vaqifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Tamara onun anasıdır və onlar bir evdə yaşayırlar:

“Bəzən anam ilə aramızda söz-söhbətləri olur. Hadisə günü, saat 17:45-də yaşadığım ünvanda bərk əsəbləşdim və anamı vuraraq ona xəsarət yetirdim. Bundan sonra etdiyim hərəkəti dərk edərək peşman oldum. Yataq otağından çıxdım. Anam da yataq otağından çıxaraq həyətə düşdü. Anam ilə barışmağa cəhd göstərmişəm. Lakin anam məni bağışlamayb”.

İş üzrə zərərçəkmiş Tamaranın sözlərinə görə, təqsirləndirilən Vaqif onun oğludur:

“Oğlum ilə demək olar ki, münasibətlərim soyuqdur. Hadisə günü, saat 17:45-də yaşadığımız evdə olarkən böyük oğlum Vaqif ilə aramızda mübahisə oldu. Oğlum Vaqif əsəbləşərək üzərimə hücum etdi, sol qolumdan əli ilə tutaraq sıxdı, digər əli ilə boynumdan tutaraq sıxdı.

Sonra yumruqla bir dəfə sinəmdən və bir dəfə də sağ gözümün altından vuraraq məni döydü. Həmin zaman qışqırmağa başladım. Bundan sonra oğlum məndən aralanaraq geri çəkildi. Mən yataq otağından çıxaraq həyətə düşdüm. Bu barədə digər oğlum Sənana zəng edərək dedim. Sənan da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi”.

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vaqif 1500 manat miqdarında cərimə olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova