Sosial Özəl

Hüquqşünas: "Əmək müqaviləsinin bağlanması bütün tərəfər üçün vacibdir"

Hüquqşünas: Əmək müqaviləsinin bağlanması bütün tərəfər üçün vacibdir

Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı artıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 439 564 vahid artıb və bu il avqustun 1-nə 1 841 479 olub.

"5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub", - deyə məlumatda qeyd olunub.

Hüquqşünas Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, əmək müqaviləsinin bağlanması bütün tərəfər üçün vacibdir:

“Dövlət üçün ona görə lazımdır ki, əmək müqaviləsi ilə işləyən şəxslər dövlətə vergi verirlər. Özəl sektrorda 8 min manata qədər güzəşt var, amma bu, müvəqqəti xarakter daşıyır. İkincisi, sosial sığorta ödəmələri həyata keçirilir, pensiya və digər sosial ödənişlər üçün yığım prosesi gedir. İşəgötürənin əmək müqaviləsi bağlaması onun hesabatlı və şəffaf fəaliyyət həyata keçirdiyini göstərir. İşçi işçilərlə münasibətlərini düzgün qura bilir.

Müqaviləsi olan işçilərin öhdəlikləri müqavilədə göstərilir. İşçi öhdəliklərini pozduqda işəgötürən ona qarşı inzibati tənbeh tədbirləri görə bilər. İşçi üçün əmək müqaviləsi xüsusilə vacibdir. Onun pensiya kapitalı yığılır, tibbi sığortası olur, işsizlikdən sığorta ödənilir, digər sığorta hadisələri baş verdikdə ona ödəniş olunur. İstehsalatda bədbəxt hadisə baş verdikdə, peşə xəstəliyinə tutulduqda icbari tibbi sığortadan istifadə edə bilir. Müsbət haldır ki, ölkədə bağlanan əmək müqavilələrinin sayı hər il artır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az