Gündəm Özəl

“Haniyənin ölümü ilə İranın Qərb ilə hələ başlamamış münasibətləri pozuldu” — AÇIQLAMA

“Haniyənin ölümü ilə İranın Qərb ilə hələ başlamamış münasibətləri pozuldu” — AÇIQLAMA

HƏMAS lideri İsmayıl Haniyənin Pezeşkianın andiçmə mərasiminə qatıldığı gün Tehranda öldürülməsindən sonra İranda üçgünlük matəm elan edildi. Pezeşkianın vəzifəyə gəldikdə başlıca məqsədi Qərb ölkələri ilə münasibətlərin normallaşması, yeni nüvə anlaşmasının imzalanması idi.

Bəs, bu hadisədən sonra Pezeşkian İranın ali dini liderinin və SEPAH-ın İsrailə qarşı həmlələrinə dəstək vermək məcburiyyətində qala bilər?

Demokrat.az-a açıqlamasında politoloq Azər Qasımlı bildirib ki, İsrail bu hadisə ilə İranın Qərb ilə hələ başlamamış münasibətini pozdu.

Azər Qasımlının sözlərinə görə, "indi ABŞ və Qərb bunu necə dəyərləndirəcək, İsrailə münasibəti necə olacaq" bunu zaman göstərəcək:

“İsrail İran ilə gərgin münasibətlərinin yaxşılaşmasını istəmir. Bir çox halda ABŞ-nin verdiyi qərarlara zidd hərəkətlər edir. Bu da onlardan biridir. Hazırda Amerikanın başı noyabrda keçiriləcək prezident seçkilərinə qarışıb. İsrailin bu addımını Bayden administrasiyasına, o cümlədən demokratların kampaniyasına qarşı atılmış bir adıım kimi dəyərləndirmək olar. Çünki Tramp xarici siyasət ilə bağlı tez-tez deyir ki, Bayden dönəmində dünyada müharibələrin sayı artdı, ABŞ-nin digər ölkələrlə münasibəti gərginləşdi. İranın dini lideri keçən gün Qərb ilə bağlı bir-iki müsbət mesaj verdi. Lakin İsrail bununla Qərb və ABŞ ilə onsuz da münasibətlərinin yaxşı olmadığı İrana zərbə vurdu.

Əslində bu hadisədən sonra İran İsrailə qarşı hərəkətə keçməlidir. Çünki bu bir imic məsələsidir. Keçən dəfə də eyni şəkildə vurmuşdular. İran da raketlərlə İsrailə qarşılıq vermişdi. İsrail İranın göndərdiyi raketləri dəf etdi. Amma İran formal olaraq qarşılıq vermişdi. İndi istisna etmirəm ki, eyni hərəkəti yenə edər. Çünki İran bir az İsrailə Qərb münasibətlərini bir-birindən ayırırlar. Ən son İranın dini lideri ilə Pezeşkianın 2 gün bundan əvvəlki çıxışında Qərbə bir meaaj verdi. Onlar İsrail məsələsinə başqa, Avropa ilə məsələni ayrı-ayrı qiymətləndirdi. Məsələn, dedilər ki, Qərb ilə münasibətlərimizi qurmaq istəyirik. Amma İsrail haqqında düşmən və sionistdir dedilər. Açıq görünürdü ki, İranın dini rəhbəri İsraili Qərbdən ayırır”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova