Bakının Qaradağ rayonunda 2008-ci il təvəllüdlü Nəsimi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Əsədə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu-Park-1” yaşayış kompleksində baş verib. Nəsini 2 saylı binanın qarşısında Əsəd ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu yumruqla vurmasına görə üzərində gəzdirdiyi bıçaqla qarın nahiyəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü iki balaca dayısı oğlu ilə birlikdə söhbətgahda (besedkada) oturub: “Həmin vaxt Əsəd dostu Əli ilə birlikdə oturduğum yerə yaxınlaşdı. Əli bu vaxt əlindəki oyuncaq tüstü buraxan tapança ilə bizə tərəf atəş açdı. Mən Əlidən nəyə görə belə hərəkət etdiyini soruşdum. Əli mənimlə mehribançılıq yaratmaq istədiyini bildirdi və məndən niyə aqressiv danışdığını soruşdu. Mən də Əliyə onunla yaxınlığımın olmadığını bildirdim. Əli isə bir daha aqressiv danışdığımı irad tutdu, bir qədər kənarda danışmaq istədiyini bildirdi”.
Nəsimi qeyd edib ki, daha sonra onlar bir qədər kənara keçərək danışmağa başlayıblar: “Birdən Əli burnuma qəflətən kəllə ilə zərbə vurdu. Zərbədən sonra Əlini itələdim, belimdə gəzdirdiyim bıçağı çıxartdım. Həmin vaxt Əli mənə ünvanlanmış şəkildə bıçaqla vurmayanı söydü. Mən də Əlini bıçaqla qorxutmaq məqsədilə ona tərəf getdim. Həmin vaxt Əsəd Əlinin yanında olub. Mənim Əsədi bıçaqla vurmaq kimi fikrim olmayıb. Lakin Əsəd birdən iki dəfə yumruqla burnumdan vurdu. Mən də bilmədən həmin vaxt Əsədi bıçaqla vurdum. Buna görə də çox peşmanam”.
İş üzrə zərərçəkmiş Əsədin sözlərinə görə, hadisə günü dostu Əli ilə birlikdə skamyalara tərəf gedib: “Bu zaman həmin skamyalarda Nəsimi dayısı oğlanları birlikdə oturub. Əli əlindəki oyuncaq tüstü buraxan tapança ilə Nəsiminin üzünə iki dəfə atəş açdı. Nəsimi isə Əliyə nəyə görə belə hərəkət etdiyini, eləcə də Əlini tanımadığını bildirdi. Əli isə Nəsimiyə mehribançılıq yaratmaq istəyini bildirdi. Bu minvalla Əli ilə Nəsiminin arasında mübahisə düşdü. Əli və Nəsimi bundan sonra bir qədər arxa tərəfə çəkildilər. Mən Nəsimiyə bir neçə dəfə dalaşmamağı dedim. Həmçinin ondan neçə yaşının olduğunu soruşdum. Nəsimi 15 yaşı olduğunu bildirdi. Əli ilə Nəsimi kənara çəkildikdən sonra onların yanına getdim. Mən Əlinin yanına getdikdə isə Əlinin Nəsiminin burnundan kəllə ilə vurduğunu gördüm. Bu vaxt Nəsimi geri çəkilərək belindən bıçaq çıxartdı. Sonra isə Əlinin üzərinə hücum çəkdi. Əli mənim dostumdur. Əlini müdafiə etmək məcburiyyətində qaldım. Bu səbəbdən onu müdafiə etdim. Mən Nəsimiyə çatan zaman artıq bıçaq çıxartmışdı. Birinci dəfə idi ki, dava zamanı bıçaq çıxarıldığını görmüşdüm. Buna görə də biraz qorxdum. Biraz özümə gəldikdən sonra Nəsiminin üzərinə hücum edərək iki dəfə onun burnundan yumruqla vurdum. Nəsimi də bu səbəbdən məni bıçaqla vurdu”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəsiminin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 5 il 9 ay şərti cəza alıb.
Fariz Məlikli Demokrat.az


