Xəbər verdiyimiz kimi, Türkiyə ilə Ermənistan arasında görüş gözlənilir. Hər iki tərəfin xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan sərhəddə görüşəcəklər. Görüşün mövzusu iki ölkə arasında münasibətlərin normallaşdırılması olacaq.
“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması gözlənilir. Bunun qarşısını kəsən ən böyük problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Artıq münaqişə bitib, müharibə demək olar ki, dayanıb, sülh danışıqları davam edir. Belə olan halda niyə də Türkiyə-Ermənistan münasibətləri normallaşmasın, sərhədlər açılmasın və ya iqtisadi əməkdaşlıq bərpa edilməsin?!”
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O bildirib ki, sərhədlərin bağlı qalması Ermənistana milyonlarla dollar məbləğində zərər vurur:
“Ermənistan eyni məhsulu 2-3 qat bahasına alır, vətəndaşları Türkiyəyə 3-cü ölkə üzərindən səhayət edir. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər, ortaq hərəkət edirlər. Türkiyə Azərbaycanın mövqeyini nəzərə alacaq həmişəki kimi. Hakan Fidan Prezident İlham Əliyevlə də görüşdü, Azərbaycan öz mövqeyini açıqladı. Yəqin ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi nəzərə alınacaq. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına zidd bir məqam olarsa, bu, Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcək, eləcə də əksinə”.
Törə Zeynallı Demokrat.az


