Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması getdikcə uzanır. Azərbaycan Prezidentinin münasibətlərin nizama salınması üçün irəli sürdüyü 5 məlum şərt hələ də Ermənistan tərəfindən həll edilməyib. Paşinyan iqtidarı həmin məsələlərin referenduma çıxarılmasını ölkənin daxili işi olaraq dəyərləndirir və referendumun 2027-ci ildə keçiriləcəyini bildirir. Bu da haqlı olaraq rəsmi Bakını qane etmir. ABŞ, Rusiya və Avropa İttifaqı isə sülh müqaviləsinin oların vasitəçiliyi ilə imzalanmasında maraqlıdır.
Bu halda Azərbaycan hansı mövqeni tutmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, buyruğu ilə oturub durduğu dövlətlərin Ermənistanın vasitəsi ilə Cənubi Qafqazda qlobal terroru, revanşizmi qüvvəyə mindirmək planları alınmayacaq.
Tofiq Abbasov qeyd edib ki, hazırda Ermənistan sülh prosesinə nəinki hazır deyil, heç nəzərdən də keçirmir:
“Ermənistanın indiki vəziyyəti Qərb qütbünün əlində alət olaraq Cənubi Qafqazda gərginliyi artırmaqdan ibarətdir. Yəni Ermənistan indi faktiki olaraq sülh prosesinə hazır deyil. Hətta nəinki hazır deyil, sülh məsələsini heç nəzərdən də keçirmir. Odur ki, gərək o məsələlərin hamısında ciddi bir mövqe tutaq. Biz bunu edirik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi çox ciddi şəkildə Kəlbəcərdə olan atışma və Tovuz bölgəsindəki təxribatla bağlı Ermənistana xəbərdarlıq edib. Bütün bunların hamısını diqqətdə saxlayırıq. Ermənistanı əlində alət etmiş ölkələr, ABŞ, Fransa, Yunanıstan, İrlandiya, Hindistan və s. onların istədiyi onda ibarətdir ki, bizim bölgədə vəziyyət gərginləşsin və sonra çox ciddi bir konfrantasiya, eskalasiya meydana gəlsin. Yəni müharibə olmadan belə müharibəyə hazırlıq getsin. Ona görə də indi biz gərək özümüzü xülyalarla rahatlatmayaq. Biz buna düzgün bir qiymət verməliyik. Çünki dövlət başçımız İlham Əliyev Ali Baş Komandan kimi bilir nəyi necə etmək lazımdır. Həqiqətən də düzgün mövqe seçir. Təsadüfi deyil ki, biz Ermənistanı artıq may ayının 9-10-nu xəbərdar etdik ki, siz qırmızı xətti keçsəniz, biz buna göz yummayacağıq və adekvat cavabımız olacaq. İndi görürük ki, Avropa İttifaqı Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün 10 milyon avro yardım göstərir. Belə çıxır ki, bu sülh fondu deyil, müharibə fondudur.
Ermənistanı güclə revanşizmə sövq etməyə çalışırlar. Azərbaycan bunu gözdən qaçıra bilməz. Biz bu proseslərin hamısında Ermənistanı xəbərdar etmişik və onun havadarlarına bildirmişik ki, Ermənistan öz həddini aşsa, adekvat addımlar özünü gözlətməyəcək. Bu baxımdan Azərbaycan öz hazırlıqlarını görür. Çünki bölgədə söz sahibi bizik. Heç kəs bunu şübhə altına qoya bilməz. Çünki birinci növbədə Azərbaycan qalib dövlətdir. Digər tərəfdən Azərbaycan sülhə hazır dövlətdir. Ermənistan isə buna etinasız yanaşır. Ermənistan əslində bu məsələdə öz başına deyil. Ona imkan vermirlər ki, Azərbaycan ilə sülh prosesində əməlli başlı tam bir subyekt kimi iştirak etsin. Sülh danışıqlarını ləngidən odur ki, iki subyekt həqiqətən suverendirsə, olar tez dil tapırlar. Burda biz görürük ki, Azərbaycan suveren dövlətdir, Ermənistan isə yarım və ya bəlkədə heç suveren dövlət deyil.
Ona görə də bizim söhbətimiz alınmır. Biz əvvəldən deyirdik ki, gəlin ikitərəfli formatda üz-üzə danışaq. Ermənistan bunu bacarmır. Çünki havadarlarına təlqin edə bilmir ki, imkan verin Azərbaycan ilə üz-üzə oturaq və münasibətləri həll edək. Bu münasibətlərin fövqündə bir məsələ var ki, o da çox prinsipialdır. Ermənistan demək olar ki, özgə qüvvələrin əlində alətə çevrilib və çalışır ki, onların buyruğu ilə oturub dursun. Biz çalışacağıq ki, Ermənistanın bütün təxribat yönlü hərəkətlərinin qarşısnı alaq. Digər tərəfdən Avropanın, Fransanın, Avropa İttifaqının və digər mərkəzlərin, güclərin hamısının o dağıdıcı meyillərinin qarşısını alaq. Bunun üçün bizim imkanlarımız var. Odur ki, Cənubi Qafqazda Ermənistanın vasitəsi ilə revanşizmi burda qüvvəyə mindirmək alınmayacaq. Biz buna imkan verməyəcəyik. Qalib dövlət kimi bu bizim təbii haqqımızdır”.
Əfsanə Rəcəb Demokrat.az


