“Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Azərbaycanın uğurudur, çünki Azərbaycan dekolonizasiya prosesinə öz dəstəyini verir. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə Nazirlər Şurasının tərkibində Bakı Təşəbbüs Qrupu yaradıldı. Onun ən mühüm vəzifələrindən biri dünyada müstəmləkəçilik əleyhinə addımlar atmaq və bundan əziyyət çəkən xalqların mənafeyini qorumaq idi. Hesab edirəm ki, bu, bütün dünya üçün mühüm məsələdir”.
Bu fikirləri politoloq Ramiz Alıyev Demokrat.az-a açıqlamasında bildirib. Ekspert Azərbaycanın bu istiqamətdə gördüyü işləri uğurla davam etdirdiyini vurğulayıb:
“Fikrimcə, müstəmləkədən əziyyət çəkən xalqlar artıq öz hüquqlarını tələb etməyə fürsət tapıblar. Bu imkanı da onlar üçün Azərbaycan yaradıb. Özünü demokratik hesab edən bəzi ölkələrin sözdə atdığı addımları Azərbaycan əməlləri ilə gerçəkləşdirir. Azərbaycan bütün dünyanı müstəmləkədən əziyyət çəkən xalqların hüquqlarını qorumağa səsləyir. Düşünürəm ki, Azərbaycandan başlayan bu uğurlu yol daha da inkişaf edəcək və həmin xalqlar öz səslərini bütün dünyaya yaya biləcək, hüquqlarının təmin edilməsinə nail olacaqlar”.
Qeyd edək ki, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı va Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixlərində Bakıda birinci Qurultay keçirilib.İki gün davam edən qapalı müzakirələrin yekunu kimi Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid Cəbhənin Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər.
Törə Zeynallı Demokrat.az


