Kriminal Özəl

Etdikləri zarafat davaya səbəb oldu

Etdikləri zarafat davaya səbəb oldu

Zərdab rayonunda 2006-cı il təvəllüdlü Rəşad toy məclisində həmkəndlisi Rəmala xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Zərdab rayonunun Gödəkqobu kəndində baş verib. Rəşad həmkəndlisi Rəmal ilə heç bir səbəb olmadan daşla qəsdən alın nahiyəsindən vurub. O, Rəmala müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Rəşadın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Rəmal onun həmkəndlisidir:

“Əvvəllər aramızda heç bir söz-söhbət və narazılıq olmayıb. Hadisə günü, saat 13 radələrində bibim qızının toy mərasimi oldu. Mən də həmin toyda oldum və toy mağarında qonaqlara qulluq etdim. Təxminən saat 22 radələrində yorulduğum üçün əyləşdim. Bu vaxt qohumum Kapitay gəldin və mənə “burada əyləşmə, bura sənin yerin deyil, çıx burdan” dedi. Mən də cavabımda Kapitaya yorulduğumu, bunun üçün əyləşdiyimi bildirdim. Kapitayla aramızda heç nə olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 10 dəqiqə sonra Kapitayın oğlu Qənimətlə Rəmal onun yanına gəlib: “Qənimət “mənim atamın üstünə niyə qışqırırsan” dedi. Qənimətə dedim ki, sənin atanın üstünə qışqırmıram, aramızda heç nə olmayıb, mübahisə etməmişik. Daha sonra mağardan küçəyə çıxdıqda Rəmal mənə “sənin qabırğalarını sındıraram” dedi. Rəmala heç nə demədim. Getdiyim zaman Rəmal məni arxadan tutaraq hasara dirədi. Sifətimə kəllə ilə vurmaq istədikdə başımı kənara çəkdim və Rəmalın başı hasara dəyərək ikimiz də yerə yıxıldıq. Rəmalın başı qaz turbasına dəydi”.

İş üzrə zərərçəkmiş Rəmalın sözlərinə görə, əmisioğlu Səmədin qızının toy mərasimi olub: “Toy həyətdə mağarda keçirildi. Qonaq kimi mən də həmin toyda oldum. Saat təxminən 22 radələrində Rəşadın bibim oğlu Çingizlə mübahisə etməsini gördüm. Rəşadla həmişə həmkəndli kimi münasibətlərim yaxşı olub. Onlara yaxınlaşdım və Rəşada zarafatla “niyə mübahisə edirsiniz, bəsdirin, ayıbdır, dedim. Rəşad mənə “get işinlə məşğul ol” dedi. Rəşadla zarafatlarımız olduğu üçün söyüşlə zarafat etdim. Lakin, Rəşad bunu ciddi qəbul etdi və mənə kobud cavab verdi. İkimiz kənara çəkildik. Yenə ara yumşalsın deyə Rəşada söyüşlə zarafat etdim. Bu zaman Rəşad mənimlə mübahisəni ciddiləşdirdi və dava etməyə başladı. Rəşadla yaxalaşdım və onu boynundan tutaraq boğmaq istədim. Bu zaman Rəşadın qardaşı oğlu Qismət oraya gələrək daş götürdü və mənim alnımdan vurdu. Alnım qanamağa başladı. Həmin vaxt kənardan kimlərsə gələrək bizi araladı. Lakin, qaranlıq olduğundan həmin şəxsləri tanımamışam”.

Bu cinayət işinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəşadın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 2 il şərti cəza alıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova