Dünya Özəl

NATO Ukraynaya dəstəyi artırır — Rusiya nüvə müharibəsi başlada bilərmi?

NATO Ukraynaya dəstəyi artırır — Rusiya nüvə müharibəsi başlada bilərmi?

NATO Şərqi Avropada logistika mərkəzləri yaradacaq. Baş katib Yens Stoltenberq Vaşinqtonda keçirilən alyans sammiti çərçivəsində Ukraynaya silah tədarükünü sürətləndirmək üçün NATO-nun Şərqi Avropa ölkələrində logistika mərkəzləri yaratmaq niyyətində olduğunu deyib.

Onun sözlərinə görə, sammitdə alyans ölkələrinin liderləri Ukraynaya əhəmiyyətli yardım paketini təsdiqləməlidirlər ki, bu da xüsusilə Kiyevə silah tədarükünün koordinasiyası üçün komandanlığın yaradılması və ukraynalı əsgərlərin təlimini əhatə edəcək. Stoltenberq əlavə edib ki, komandanlıq Almaniyada yerləşəcək.

Məsələni Demokrat.az-a şərh edən politoloq Turab Rzayev bildirib ki, istər sammitdən əvvəl, istər sammit çərçivəsindəki çıxışlarda NATO-nun Ukraynaya silah dəstəyini artıracağı, Rusiyanın qarşısında onu tək qoymayacağı bəlli idi:

“Bu gözləntilər özünü doğrultdu. Ukraynaya 5 yeni hava hücumundan müdafiə sistemi veriləcək, F16 qırıcı təyyarələrinin verilməsi də gözlənilir. ABŞ ən son Ukraynaya 65 milyardlıq yardım paketi ayırmışdı. Bütün bunlar onu göstərir ki, NATO Ukraynanı yalnız qoymaq istəmir. Bir dönəm Ukraynaya göstərilən maliyyə yardımlarının azalması ona gətirib çıxardı ki, Rusiya açıq şəkildə Ukraynaya yeni hücumlara başladı, Xarkov işğal olunmaq ərəfəsindəydi.

Düşünürəm ki, bu ssenaridən qaçmaq üçün Qərb başa düşdü ki, Ukrayna güclənməlidir. Burada digər bir məqam da ABŞ-dəki prezident seçkiləridir. Seçkilər ərəfəsində Bayden öz seçicilərinə nə qədər güclü lider olduğunu göstərmək istəyir. Rusiya təhlükəsinə qarşı mübarizə aparacağını, ABŞ-nin dünyada lider dövlət olduğunu göstərmək üçün populist çıxışlar edir. ABŞ ola bilər ki, heç deyilən maliyyənin hamısını göndərmədi, bu rəqəm sadəcə göstərişdən də ibarət ola bilər və Baydenin seçki kampaniyasına xidmət edə bilər.

Təbii ki, bu, Rusiya üçün müsbət hal deyil və onun Qərblə münasibətlərini pisləşdirəcək. Düşünmürəm ki, Rusiya bütün bunlara nüvə müharibəsi başlatmaqla cavab versin. Hələ bir müddət hadisələr eyni məcrada davam edəcək. Rusiya çalışacaq ki, Qərbi parçalasın, dövlətlər arasında fikir ayrılığı yaratsın”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az