Kriminal Özəl

Gənc oğlan sevgilisini təhqir etdi, özünü öldürməklə hədələdi — TƏFƏRRÜAT

Gənc oğlan sevgilisini təhqir etdi, özünü öldürməklə hədələdi — TƏFƏRRÜAT

Gəncə şəhərində 24 yaşlı oğlan sevgi münasibətində olduğu qadına qarşı xuliqanlıq hərəkətləri edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu günlərdə baş verib. Şəhər sakini Nəcibə polisə müraciət edərək 1990-cı il təvəllüdlü Azərdən şikayət edib. Qeyd edib ki, Azər onu söyüb, təhqir edib.

Azərin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Azər ona verilən ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Nəcibə ilə 6 ildir qeyri-rəsmi birlikdə yaşayıblar: “Sonradan aramızda münasibətlər pisləşdiyindən Nəcibə məndən ayrılmaq istədi. Nəcibənin başqa oğlanla münasibəti olduğunu öyrəndiyim üçün onun evinə getdim. Bu zaman Nəcibə məni təhqir etdi. Mən də onu təhqir edib ordan uzaqlaşdım”.

İş üzrə zərərçəkmiş Nəcibənin sözlərinə görə, Azər onun qeyri-qanuni münasibətdə olduğu şəxsdir: “Azər son günlər mütəmadi olaraq məni narahat edir, harada görsə məni nalayiq ifadələrlə təhqir edir, qonşular arasında məni biabır edir. Azərin əlindən rahat-rahat evdən çıxa bilmirəm”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü axşam Azər binanın həyətinə daxil olaraq onun yaşadığı evə daxil olub: “Məni təhqir edərək, ölümlə hədələdi. Hətta qolunu kəsərək özünü öldürəcəyini də bildirdi. Evli olmasına baxmayaraq mənə boşandığını bildirib. Lakin sonradan bu xəbərin də yalan olduğu müəyyən edildi”.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Azər 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova