Dünya

Rusiyanın “S-400”-ləri “əriyir” — “Ruslara mindən çox belə kompleks lazımdır, amma”

Rusiyanın “S-400”-ləri “əriyir” — “Ruslara mindən çox belə kompleks lazımdır, amma”

Ukrayna, xüsusən Krımda Rusiyanın uzaqmənzilli hava hücumundan müdafiə sistemlərini sistematik şəkildə sıradan çıxarır və bu iş nəzərəçarpacaq nəticələr verir.

“AzPolitika”xəbər verir ki, bunu tanınmış hərbi ekspert Aleksandr Kovalenko Ukrayna mətbuatına açıqlamasında deyib: “Aprelin ortalarından etibarən Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Krım yarımadasının ərazisini hər birinin qiyməti bir milyon yarımdan az olan M39A1 ballistik raketləri (ATACMS Blok I) ilə vurub. Bu raketlər milyard dollardan çox dəyərə malik hava hücumundan müdafiə sistemlərinə ciddi ziyan vura bilib”.

Kovalenkonun hesablamalarına görə, bu günə qədər ən azı üç “S-400” kompleksi təkcə Krımda məhv edilib, zədələnib və istifadəyə yararsız hala düşüb: ”Ümumilikdə, açıq məlumatlara görə, ilin əvvəlində Rusiya Federasiyasının xidmətində 44 ədəd “S-400” divizyonu var idi. Bundan əlavə, ruslar əvvəlki nəsil hava hücumundan müdafiə sistemi olan 63 ədad “S-300” ilə silahlanıb”.

Ekspert qeyd edir ki, Rusiyanın uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin sayı yalnız ilk baxışdan çox böyük görünür. Rusiyanın əhatə olunmalı olan nəhəng ərazisini nəzərə alsaq, ruslara mindən çox belə kompleks lazımdır. Onlarda isə bu sistemlərin sayı yalnız yüzə qədərdir.

Analitikin sözlərinə görə, 2024-cü ildə Rusiyanın “S-300” və “S-400” hava hücumundan müdafiə sistemlərinin vurulması nəinki Krım üzərində Ukrayna qanadlı raketləri üçün “uçuş zonası” yaradır, həm də Rusiyada xüsusilə Qərbin sanksiyaları altında istehsalı çox bahalı və vaxt aparan hava hücumundan müdafiə sistemlərinin artan çatışmazlığını yaradır.

Qeyd edək ki, iyunun 10-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Krımda üç uzaqmənzilli hava hücumundan müdafiə sistemini - Cankoy yaxınlığında bir “S-400” divizionunu və Çernomorskoye və Yevpatoriya yaxınlığında iki “S-300” divizionunu vurduğu bildirilir.

NE
Nihadə Eyyubova