“Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına səfərini önəmli hesab edirəm. Misir ərəb dünyasının aparıcı ölkəsidir. Tarixi, geopolitik, iqtisadi, elmi-dini mərkəz və sair, hansı tərəfdən baxılsa, Misir həmişə önəmli, özünəməxsus rol oynayıb dünya tarixində. Erməni diasporu da ərəb dünyasında fəaliyyətdədir, o cümlədən Misirdə də”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib. O qeyd edib ki, Türkiyə-Misir münasibətlərinin gərginliyindən istifadə etməyə çalışırlar:
“Cənab Prezidentin Misirə səfəri bu baxımdan da önəmlidir. Misir Fələstin dövlətini də tanıyır. Prezident İlham Əliyevin Misirə səfəri həm də ərəb dünyasına bir mesaj idi, yəni kiminlə dostluq etmək lazımdır. Azərbaycan-Misir əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyini düşünürəm. Əlaqələrimiz siyasi-iqtisadi, hərbi sahələrdə inkişaf edə bilər. Azərbaycan-Misir əlaqələrinin yaxşılaşması, yaxınlaşmağımız Misir-Tükiyə əlaqələrinin yaxşılaşması üçün də bir körpü rolunu oynaya bilər. Çünki “Müsəlman qardaşları” hakimiyyətdən kənarlaşdıqdan sonra Türkiyə-Misir əlaqələrində durğunluq yarandı. Münasibətlər gərginləşdi. Bəzi məsələlərdə Misir Yunanıstanla yaxınlaşıb Türkiyəyə qarşı dayandı. Amma hesab edirəm ki, Azərbaycan-Misir münasibətlərinin güclənməsi Türkiyə-Misir münasibətlərinin də yaxşılaşmasında önəmli rol oynayacaq. Hazırda dünyada ən böyük coğrafiyaya malik 2 müsəlman dövləti varsa biri Misir, digəri Türkiyədir. Bir ərəb və bir türk dövləti islam dünyasının aparıcı dövlətləridir. Ona görə də bu dövlətlər arasında münasibətlərin yaxşılaşması, normallaşması həm türk dünyası, həm də ərəb dünyası üçün, ümumilikdə islam aləmi üçün böyük əhəmiyyət daşıyır”.
Törə Zeynallı Demokrat.az


