“32 ildən sonra Xocalıya köçün baş tutması ədalətin zəfər çalmasıdır. Xocalı soyqırımı 20-ci əsrin sonlarında törədilmiş ən dəhşətli cinayətlərdən biri idi və cəzasız qalmışdı. Qətliamlar cəzasız qalanda təkrarlanır, dünyanın başqa yerlərində, başqa xalqlara qarşı da baş verir.Bu soyqırım nəticəsində yüzlərlə insan vəhşicəsinə öldürüldü, sağ qalanlar isə ömürlük mənəvi zərbə aldı. Xocalını işğal edən ermənilər böyük, kiçik, yaşlı, cavan, qadın, uşaq demədən dinc, silahsız əhaliyə divan tutdu. Faciə nəticəsində azərbaycanlılar öz doğma yurdlarından didərgin düşdülər”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində işğala son qoyulması və 2023-cü ilin sentyabrında aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi:

“30 ildən artıq icra edilməmiş qalan BMT qətnamələrini Azərbaycan özü öz gücünə, öz iradəsi hesabına həyata keçirdi. Xocalıya köç müasir Azərbaycan tarixində baş verən ən əhəmiyyətli hadisələrdən biridir və bütün dünya tarixində ədalətin bərqərar olması deməkdir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa-quruculuq işləri gedir, “Böyük Qayıdış” sürətlə davam edir. Xocalıya insanların köç etməsi o torpaqları canlandıracaq”.
Törə Zeynallı Demokrat.az


