“Təcrübə göstərir ki, iqlim dəyişmələri ilə bağlı konfransların, sessiyaların keçirildiyi dövlətlərdə sonrakı mərhələlərdə məhz həmin sahələrdə çox ciddi irəliləyişlər müşahidə olunur. Ölkəmiz onsuz da iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə aparıcı yerlərdən birini tutur. Elə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürülməsi, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması da bunun bariz göstəricisidir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun fikrincə, COP29-un Azərbaycanda keçirilməsi təsadüfi deyil və bir sıra amillərlə bağlıdır:
“Bu amillərdən biri ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsinin olmasıdır. Azərbaycan son illərdə beynəlxalq miqyasda bir çox siyasi, humanitar, elmi, mədəni, idman tədbirlərinə uğurla ev sahibliyi edib və kifayət qədər zəngin təşkilatçılıq təcrübəsi var. Bu mənada Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb”.

Ekspert qeyd edib ki, bəzi antiazərbaycan qüvvələrin qaralama kampaniyası apardığı və əsassız ittihamlar yağdırdığı bir vaxtda belə bir mötəbər tədbirin keçirilməsi beynəlxalq ictimai rəydə ölkəmizin mövqeyini möhkəmləndirəcək:
“Ölkəmizin COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməsi malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq.
Vaxtilə işğal altında olan ərazilərimiz faktiki olaraq boz zonaya çevrilib, respublikamızın flora və faunası məhv edilib. Həmin əraziləri yaşıl zonaya çevirmək niyyətində olan Azərbaycan üçün COP29 olduqca əhəmiyyətlidir”.
Törə Zeynallı Demokrat.az


