COP29 Sədrliyi Pre-COP31 görüşlərində iştirak etmək və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) üzləşdiyi iqlim dəyişikliyi reallıqlarının birbaşa şahidi olmaq üçün Fici və Tuvaludadır.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.
"Bu ölkələr üçün iqlim dəyişikliyi uzaq bir təhlükə deyil. Dəniz səviyyəsinin qalxması, ekstremal hava şəraiti və icmalar, dolanışıq vasitələri və ekosistemlər üzərindəki artan təzyiqlər artıq onların gələcəyini risk altına qoyur", - o bildirib.
M. Babayev vurğulayıb ki, SIDS-i dəstəkləmək və onların xüsusi həssaslıqlarını aradan qaldırmaq COP29 Sədrliyinin mühüm prioritetləri olub: "Biz onlarla həmrəy olmağa davam etməli, onların narahatlıqlarının qlobal iqlim gündəliyinin mərkəzində qalmasını təmin etməli və üzləşdikləri ekzistensial təhdidləri aradan qaldırmaq üçün kollektiv fəaliyyəti, iqlim maliyyəsini və dayanıqlılığı gücləndirməliyik".


