Milli Məclisin deputatı Fatma Yıldırım parlamentdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmədə Bərdə rayonunun kanalizasiya probleminə toxunub. Onun sözlərinə görə əhalisi 200 min nəfərdən çox olan Bərdə rayonunda kanalizasiya sistemi yoxdur. Deputat bildirib ki, 2020-ci ildə dövlət qurumunun rəhbərləri ilə görüşdə bu məsələ qaldırılıb, lakin keçən müddət ərzində bu istiqamətdə heç bir addım atılmayıb: “Hazırda Bərdədə ərazi üzrə həm fərdi evlərin, həm də çoxmərtəbəli yaşayış binalarının çirkab suları yeraltı quyulara doldurulur. Vaxtaşırı çirkab sularının texnika ilə daşınması, bəzi hallarda yollara daşaraq dağılması bir çox yoluxucu xəstəliklərin yayılmasına zəmin yaradır. Eyni zamanda dövlət proqramına əsasən şəhid ailələri və məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmərtəbəli yaşayış komplekslərinin bünövrəsinə ciddi zərər verir. İnsanların sağlamlığına birmənalı təsir göstərən və gündəlik məişət probleminə çevrilmiş bu məsələnin mövcud olması yolverilməzdir və tezliklə aradan qaldırılması olduqca önəmlidir” - o, çıxışında vurğulayıb.
Memar Cahid Həsənov Demokrat.az-a açıqlamasında rayonlarda kanalizasiya probleminin inkişafı ləngitdiyini deyib. O qeyd edib ki, əvvəllər kanalizasiya qurğularını rayonun relyefinə uyğun qazılmış xəndəklər əvəz edirdi:
“Söhbət Sovet dövründən gedir, qurunt, yağıntı, kanalizasiya suları asfaltın sağ və sol hissəsində qazılmış xəndəklərlə axıb gedirdi. İndi isə hər hansı tikinti sahibi kanalizasiya sularını öz ərazisindən axıdır, amma suyun daha sonra hara axıb getdiyi ona maraqlı olmur. İndi əhali sayı da artıb, tikililər çoxalıb, Sovet dövründə qurulan kanalizasiya sistemləri hansısa ərazilərdə sıradan çıxmayıbsa belə artıq ötürücülüyü daşımaq qabiliyyətində deyil. İqlim dəyişikliyini də nəzərə almalıyıq. Yağıntılar təkcə sel basmasına səbəb olmur, həm də kanalizasiya sistemi olmadığı üçün axıb gedə bilmir, bir mənbədə toplanır. Beləliklə, üfunət qoxusuna, anti sanitar vəziyyətə səbəb olur, ağcaqanadların əlindən yayda tərpənmək olmur. Bu, bölgələrdə turizm sektorunun işinə də mane olur, turistlər artıq belə problemin olduğu yerə ikinci dəfə gəlmirlər. Bahalı otellər boş qalır. Rayonlara qoyulan investisiyaların fonunda kanalizasiya probleminin hələ də mövcud olmaması görülən işlərin üstündən xətt çəkir”.
Törə Zeynallı Demokrat.az


