Gündəm Özəl

“Sürücülük vəsiqəsi olub sonradan narkotikə qurşananlar var”

“Sürücülük vəsiqəsi olub sonradan narkotikə qurşananlar var”

Bu gün taksi şirkətlərinə sürücüləri narkoloji testə göndərməklə bağlı tapşırıq verilməsi xəbəri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təkzib edildi. Bildirildi ki, taksi şirkətlərinə bununla bağlı hər hansı tapşırıq verilməyib. Məlumat yanlış olsa da taksi fəaliyyəti ilə məşğul olan şəxslərin psixoloji və narkoloji testdən keçirilməsi məsələsini gündəmə gətirir. Bir neçə gün öncə ailə üzvlərini öldürməklə dəhşətli cinayət törədən 25 yaşlı şəxsin əvvəllər taksi fəaliyyəti ilə məşğul olması xəbəri də insanlarda narahatlıq yaratdı. Sosial şəbəkələrdə iddia olunur ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər taksi şirkətlərinə təqdim etmək üçün narkoloji dispanserdə yoxlanışdan keçmədən rüşvət müqabilində arayış alırlar.

Məsələyə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında qeyd edib ki, taksi sürücülərinin narkoloji testdən keçməsi ilə bağlı AYNA göstəriş verməlidir:

“Sürücülük vəsiqəsi olub sonradan narkotikə qurşananlar var”
“Tək AYNA deyil, Daxili İşlər Nazirliyi də taksi sürücüləri arasında reyd keçirməlidir. Bu, təkcə dövlət qurumlarının cavabdehlik daşıdığı məsələ deyil. Vətəndaşlar da özlərini müdafiə etməyi bacarmalıdırlar. Sürücülər müəyyən yoxlanışlardan yayına bilərlər, poliklinikalarda özlərinəməxsus tərzdə vəziyyətdən çıxa bilərlər. Taksi fəaliyyəti ilə bağlı nizamlayıcı məsələlər bir qurumun görə biləcəyi iş deyil. Qurumlar koordinasiyalı şəkildə çalışmalıdır. Görülən tədbirlər ardıcıl və mütəmadi hal almalıdır.

Zərərli vərdişlərə qurşanan şəxslərin sürücülük vəsiqəsini necə əldə etməsi barədə də cəmiyyətdə suallar yaranır. Ola bilər ki, şəxsin sürücülük vəsiqəsi əvvəldən olub, narkotikə isə sonradan aludə olub. Belələri çox güman taksi fəaliyyətinə başlayanda nə narkotik qəbul edirdi, nə də spirtli içki. Sonradan nə baş verəcəyini proqnozlaşdırmaq çətindir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova