Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində neft-qaz hasilatı məsələsinə də toxundu. Dövlət başçısı qeyd etdi ki, ənənəvi yanacaq növləri – neft-qaz sahəsində işlər davam etdiriləcək: “Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir. Hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq”, - deyən dövlət başçısı onu da vurğulayıb ki, müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir.
Neft hasilatında sabitliyin mühüm faktor olduğunu deyən iqtisadçı ekspert Pərviz Heydərov Demokrat.az-a açıqlamasında bildirib ki, indiyə qədər ölkədə hasil olunan neft, əsasən, “Azəri-Çıraq-Günəşli” yatağından alınıb.
O deyib ki, neft hasilatında yüksəliş əldə olunduğu kimi bir müddət sonra eniş baş verməsi də təbii haldır:
“Biz “Azəri-Çıraq-Günəşli” yatağından neft hasilatında pik nöqtəni 2010-cu ildə keçmişik. Həmin il ərzində 50 milyon tondan artıq neft hasil olunub. 2010-cu ildən başlayaraq neft hasilatında azalma başlayıb. Belə olan halda əlavə investisiya qoyuluşu məcburiyyətə çevrilir və neft quyuları daha da dərinləşdirilərək alt qatların istismarına başlanılır. Bu, ilkin dövrdə daha çox investisiya tələb edən məsələdir.
Neft hasilatında azalma dövrünün başlaması qeyri-neft sektorunun inkişaf etdirilməsini tələb edir. Qeyri-neft sektorunda lazımı səviyyədə dövlət gəlirləri əldə olunana qədər neft hasilatı heç olmasa sabit saxlanılmalı, hasilat artırılmasa da onun sürətli enişinin qarşısı alınmalıdır.
Ötən il 30 milyon ton neft hasil edilib, yəni hasilat əvvəlki illərlə müqayisədə aşağıdır. Dövlət başçısının da qeyd etdiyi kimi, məqsəd hasilatı sabit qoruyub saxlamaqdır. Prezidentin də nitqindən aydın oldu ki, hökumət bunun üzərində çalışır, hasilatı sabit saxlamaq üçün mümkün addımlar atılır. Bu ona işarədir ki, bu sahədə yaxın gələcəkdə konkret nəticə əldə olunacaq”.
Törə Zeynallı Demokrat.az


