Hadisə Özəl

Bakıda gecə klubunda dava — TƏFƏRRÜAT

Bakıda gecə klubunda dava — TƏFƏRRÜAT

Bakının Nizami rayonunda 2000-ci il təvəllüdlü Orxan Əkbər adlı şəxsə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 noyabr 2023-cü ildə, gecə saat 03.52-də Qara Qarayev prospekti, 53 ünvanında yerləşən “Level Music Halİ” gecə klubunda baş verib.

Orxan müştəri qismində gecə klubuna gəlmiş Əkbərin dəzgahın arxasında köynəyini dəyişməsini bəhanə edib və heç bir əsaslı səbəb olmadan ona qarşı fiziki zorakılıq göstərib. O, müştəriyə qəsdən yumruqla bir neçə dəfə sifət nahiyəsinə vurmaqla ona ümumilikdə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 3 radələrində işlədiyi “Level Music Halİ” klubda yerləşən sanitar qovşağından çıxaraq dəzgahın arxasına keçib: “Bu zaman zərərçəkmiş Əkbər dəzgahın girişində əlində köynək dayanaraq əlləri ilə əynində olan digər köynəyin düymələrini açmaq istəyəndə ona yaxınlaşdım və burada nə etdiyini soruşdum. Əkbər əlində olan köynəyi mənə tərəf istiqamətləndirirək saxlamağını kobud şəkildə bildirdi. Həmin vaxt Əkbərin sərxoş olduğu açıq-aşkar hiss olundu. Əkbərə cavabdeh şəxs olduğum üçün dəzgahın arxa hissəsinə məndən başqa kənar şəxslərin keçməsinə icazə olmadığını bildirsəm də, mənimlə kobud danışaraq nalayiq söyüşlərlə təhqir etdi. İş yerimdə məni alçaltdığı üçün Əkbəri yumruqla bir dəfə vurdum”.

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Orxan 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova