Gündəm Özəl

“Seçki mədəniyyətinin formalaşması ilə bağlı əhali arasında iş aparmaq lazımdır” — Çingiz Qənizadə

“Seçki mədəniyyətinin formalaşması ilə bağlı əhali arasında iş aparmaq lazımdır” — Çingiz Qənizadə

Sabah Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq bölgələr üzrə seçici məntəqələrində qeydiyyata alınmış seçicilərin sayı açıqlanıb. Lakin bəzi vətəndaşlar seçki hüquqlarından istifadə etmirlər.

Səs vermək niyə vacibdir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında qeyd edib ki, hər bir vətəndaş səsvermə hüququndan istifadə etməlidir.

O, deyib ki, seçkilərdə iştirak etmək cəmiyyətin seçkiyə olan münasibətilə bərabər, həm də seçdiyi namizədə dəstəyini ifadə edir:

“Bəzən seçkilərə getmək istəməyən və ya könülsüz gedən vətəndaşlar görürük. Hesab edirəm ki, növbəti illərdə seçki mədəniyyətinin formalaşması ilə bağlı əhali arasında iş aparmaq lazımdır. Sabah keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı gedən proseslərə nəzər saldıqda görürük ki, ciddi irəliləyişlər var. İnsanların maaarifləndirilməsi istiqamətində görülən tədbirlər, Mərkəzi Seçki Komissiyası tərəfindən vətəndaşların mobil telefonlarına gələn SMS-lər, seçkinin təşkili, müşahidəçilərin iştirakına yaradılan şərait, seçki məntəqələrinə bülletenlərin vaxtında təhvil verilməsi və digər məqamlar müsbət dəyərləndirilməlidir”.

Sədr seçkilərdə iştirakın vacibliyinə də toxunub:

“Sual yaranır ki, ölkə vətəndaşları prezident seçkilərində niyə daha aktiv olmalıdırlar? Çünki Azərbaycanda yeni bir dövr başlayıb. Artıq torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Azad olunan ərazilərdə də seçki məntəqələri yaradılıb, sabah həmin məntəqələrə də orada yaşayan insanlar səs vermək üçün axışacaq. Yeni dövrdə dövlət idarəçiliyində yeni format olacaq. Bunu artıq görürük – Prezidentin səlahiyyətli nümayəndələr təyin etməsi, ölkənin 14 regiona bölünməsi və bu ərazilərə təyin olunan rəsmi şəxslər, bir sözlə, Azərbaycanda yeni idarəçilik modeli formalaşır.

Əhali sosial-iqtisadi rifahın, ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün prezident seçkilərində aktiv olmalı və ən layiqli namizədə səs verməlidir. Vətəndaşlar dövləti etibar etmək üçün səs verirlər. Dövlət siyasətini formalaşdıran, yeni idarəçilik modelində daha çox güvənilən şəxsə səs vermək olduqca vacibdir. Düşünürəm ki, sabah seçki məntəqlərində aktivliyin şahidi olacağıq”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az