Kriminal Özəl

MN-də 143 milyon manatlıq yeyinti işində şahid: “Dedi ki, yeyinti çoxdur, terroristsən” — MƏHKƏMƏ

MN-də 143 milyon manatlıq yeyinti işində şahid: “Dedi ki, yeyinti çoxdur, terroristsən” — MƏHKƏMƏ

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda hərbi hissədən maliyyə xidmətinin rəisi işləmiş Faiq Zeynalov şahid qismində ifadə verib. O bildirib ki, 2018-ci ildən bu sahədə xidmətdə olub. Onun sözlərinə görə, 2018-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda 3 hərbi hissədə maliyyə xidmətinin rəisi işləyib: “Xidmət etdiyim hər üç hərbi hissədə də maliyyə yoxlamaları aparılıb.

Şahid qeyd edib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən hərbi hissənin şəxsi heyətinə sərf olunması üçün tələb olunan vəsaitdən əlavə xərclər istəyib: “Mən bu vəsaiti əldə etmək üçün idarəyə yazmışam. Əlavə vəsait istəmişəm. Bu vəsaitdə hesabıma köçürülüb. Amma baş idarədə bundan xəbərləri olmayıb”.

Faiq Zeynalov bildirib ki, onun tərəfindən ümumilikdə 3 hərbi hissədə maliyyə yoxlaması zamanı 629 min manat ziyan müəyyən olunub. Qeyd edib ki, həmin məbləğlə razı olmayıb. Onun sözlərinə görə, sənədlər məhv edildiyi üçün bu məblğin azaldılması mümkün olmayıb: “Mən özüm ilk hərbi hissədən sənədlərin bir hissəni taparaq maliyyəçilərə tqədim etdim. Onlar da araşdırandan sonra məbləğin həmin hissəyə aid olan şişirdilmiş vəsaitləri sildilər”.

Daha sonra şahid Faiq Zeynalov ifadəsinin davamında göstərib ki, ikinci işlədiyi hərbi hissədə ziyan 429 min manat yazılıb: “Bu məbləğlə bağlı sənədlər taparaq yoxlamanı aparanlara verdim. 60 min manatını sübut edə bildim ki, hərbi hissənin xərcləri olub. Araşdırılandan sonra 60 min manat qeyd olunan vəsaitdən çıxarıldı”.

Şahid qeyd edib ki, ikinci hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində olan zaman onun fəaliyyətini Bayram Bayramov yoxlayıb: “Bayram müəllim 2020-ci ilin dekabrında yoxlamaya gəlmişdi. Həmin vaxt vətən müharibəsindən yeni çıxmışdıq. Bayram müəllimdə fəaliyyətimi dərindən yoxlamadı. Ümumilikdə 200 min manat ziyan müəyyən edildi. Həmin vaxt Bayram müəllimlə gələn yoxlamanı aparanlara 80 min manat verdik. Bayram müəllim isə özünə çatan pulu götürmədi”.

Faiq Zeynalovun sözlərinə görə, 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov, Hüseyn Paşayev və İsmayıl Rəsulzadə hərbi hissəyə təftişə gəliblər: “Onların apardığı təftişdən sonra yeyintini çox çıxarmışdılar. Rafael Xələfov məni Nizami müəllimlə hədələdi və dedi ki, külli miqdarda yeyintiyə yol veribsən, yeyinti çoxdur, terroristsən. Həmin təftişlərin sonunda külli miqdarda yeyintinin olmasını müəyyən etdilər. Mən 194 min manatlıq vəsaitin xərclənməsi barədə sənəd təqdim etsəm də, bunu nəzərə almadılar. Rafael Xələfov məndən 170 min manat istədi. Sonradan restoranda Rafael Xələfov, Bayram Bayramovla birlikdə görüşdük. Orada çantanın içində 100 min manatı Bayram müəllimin yanında stolun üstünə qoydum. Həmin pul da Rafael Xəfəlova çatdı. Daha sonra isə Bayram müəllim vasitəsi ilə 60 min manat Rafael Xəfələfova göndərmişəm”.

Şahid deyib ki, sonuncu hərbi hissədə aparılan yoxlama zamanı 6 min 300 manat ziyan müəyyən edilib. Onun sözlərinə görə, ümumilikdə ittihamda göstərilən vəsaitin 130-135 min manatı onun tərəfindən mənimsənilib. O bildirib ki, dövlətə tərəfindən vurmuş olduğu ziyanın ödənilməsinə çalışır və yaxın müddətdə bir hissəsini ödəyəcək. Tərəflərin suallarına cavab verən Faiq Zeynalov deyib ki, pulların mənimsənilməsindən hərbi hissə komandirlərinin xəbəri olmayıb: “Düzdür, hərbi hissənin maliyyə vəsaiti ilə bağlı hərbi hissə komandirinə ancaq şəxsi heyyətə aid olan vəsaitləri məruzə etmişik. Oğurladığım pulları gizlətmişəm”.

Daha sonra prosesdə iki şahid ifadə verib. Həmin şahidlər ifadə verən hissədə məhkəmə iclası qapalı keçirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az