Hərbi xidmət keçmə qaydalarında dəyişiklik edilməsi müzakirə olunub. Belə ki Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçilməsi üçün alternativ modelin yaradılmasını təklif edib. O bu addımın gənclərin təhsilinə əlavə təkan verəcəyini bildirib: "Buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Müddətli həqiqi hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar”.
Təklifə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında deyib ki, qanunvericiliyə əsasən hazırda hərbi xidmət heç bir halda Azərbaycanda gənclərin təhsilinə mane olmur:
“Magistratura pilləsinə qəbul olan gənclər təhsillərini başa vuranadək hərbi xidmətdən möhlət hüququ alırlar. Doktoranturaya qəbul olanlar isə ümumiyyətlə hərbi xidmətdən azad edilirlər. Görünür hörmətli deputat bu təklifi irəli sürərkən mövcud qanunvericiliyin tələblərinə diqqət yetirməyib”.
Ekspert əlavə edib ki, Azərbaycan dövləti hazırda Ermənistan və digər dövlətlərlə sərhəd təhlükəsizliyini, ərazilərinin mühafizəsini təmin etmək üçün ordu sıralarını genişləndirir və orduya ayrılan vəsaitləri artırır:
“Digər tərəfdən həm regionda, həm də regiondan kənarda münaqişələr və müharibələr davam etməkdədir. Hər gün yeni bir münaqişə ocağının yaranması təhlükəsi qaçılmazdır. Belə olan halda hərbi xidmət keçməklə bağlı alternativ modelin tətbiq edilməsi və yaxud da xidmət müddətinin azaldılması, hansısa kateqoriya gənclərin ödəniş qarşılığında hərbi xidmətdən azad edilməsi barədə səslənən fikirlərin məntiqi əsası yoxdur. Bu fikirlər Azərbaycan dövlətinin hazırkı vaxtda regionda davam edən münasibətlər fonunda apardığı hərbi-siyası fəaliyyətlərə tamamilə ziddir”.
Törə Zeynallı Demokrat.az


