“Yaxınlaşan növbədənkənar prezident seçkiləri hamımız üçün tarixi əhəmiyyət kəsb edir. Azərbaycan 30 ildən bəri işğal altında qalan torpaqlarını azad etdi, neçə illik dərd, ağrı-acı sona çatdı. Qarabağın azad edilməsi xalqın qürurunu özünə qaytardı, şəxsiyyətini dirçəltdi. Builki seçkilər də məhz bu baxımından önəmli hadisədir”.
Bunu Demokrat.az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib. Görkəmli dramaturq qeyd edib ki, 7 fevral seçkilərinin əhəmiyyəti həm də ondan ibarətdir ki, müstəqillik dövründən bəri ilk dəfə bütün Azərbaycan torpaqlarında keçiriləcək:
“Biz qalib xalqıq, ordumuz müzəffərdir. Ona görə də bu seçkilər dünya miqyasında əhəmiyyət daşıyır. Azərbaycan öz haqqını müdafiə etdi, torpaqlarını azad etdi. Öz torpağının sahibi olmaq böyük şərəfdir. Cənab Prezident demişdi ki, yeganə dövlətik ki, öz torpaqlarımızla həmsərhədik. Artıq sərhədlərimizi, ərazi bütövlüyümüzü bərpa etmişik. Şuşa qalasında bayrağımız dalğalanır, Xankəndində universitet açılır. Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin, onun arzusunu cənab Prezident İlham Əliyev həyata keçirdi, ulu öndərin ruhu şaddır. İnanaraq və qürur hissi ilə deyirəm ki, qarşıdakı seçkilər dövlətimizin və xalqımızın tarixində yeni səhifə açacaq və gündən-günə inkişaf edən Azərbaycanın sədası daha da yüksəklərdən gələcək”.
Törə Zeynallı Demokrat.az


