Gündəm Özəl

Asiyalı turistlər Şəki və Şamaxıya üz tuturlar — Turist axını artacaq

Asiyalı turistlər Şəki və Şamaxıya üz tuturlar — Turist axını artacaq

Çindən və Cənubi Koreyadan Azərbaycana gələn turistlərin sayı artıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5 dəfə, Cənubi Koreyadan gələnlərin sayı 3,3 dəfə artıb. Turizm eksperti Cabir Dövlətzadə Demokrat.az-a açıqlamasında deyib ki, 2023-cü ildə Çin və Cənubi Koreya ilə yanaşı Hindistan və Mərkəzi Asiya ölkələrindən gələn turistlərin sayında da artım olub:

Asiyalı turistlər Şəki və Şamaxıya üz tuturlar — Turist axını artacaq

"Azərbaycan multikultural ölkədir. Avropalı turistlərdən fərqli olaraq Asiya insanı üçün kəşf edilməmiş yeni ölkədir. Çinli və cənubi koreyalı turistlər əsasən hava nəqliyyatı ilə gəlirlər, bu da ölkə iqtisadiyyatına xeyir verir. Əsasən Bakıya üz tuturlar, daha sonra isə Şamaxı və Şəkiyə gedirlər, çünki tarixi yerlər onları daha çox cəlb edir. Ümumiyyətlə, Qafqaz regionuna turistlərin marağı artıb. Coğrafi mövqeyindən əlavə, Azərbaycanın gözəl iqlimi var. Turistlərə maraqlı olan ölkənin siyasi və iqtisadi cəhətdən stabil olmasıdır. Qarabağ münaqişəsi başa çatıb, artıq Azərbaycan riskli ölkələr sırasında deyil. Bu da turistlərin sayında fərqə səbəb olur.

Milli mətbəxi də xüsusi qeyd etmək lazımdır. Azərbaycan mətbəxinə görə dünyada seçilir, reytinq siyahısında 15-likdə dayanır. Asiya ölkələrindən mətbəxin tamamilə fərqlənməsi də turistləri cəlb edir, məsələn, Şəki pitisini iştahla yeyirlər. Görünən odur ki, 2024-cü ildə ölkəyə turist axınında ciddi irəliləyiş olacaq. İlin sonlarında BMT-nin iqlim dəyişmələrinə həsr olunmuş COP 29 kimi mötəbər tədbiri də Azərbaycanın turizm nöqtəsi kimi nüfuzunu artıracaq. 100-dən çox ölkənin iştirak edəcəyi tədbirdən sonra qarşıdakı illərdə də ölkəyə turist axınının artacağını düşünürəm".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova