Hadisə Özəl

Yardımlıda toyda dava, xəsarət alan var

Yardımlıda toyda dava, xəsarət alan var

Yardımlı rayonunda 1992-ci il təvəllüdlü Elşən həmkədlisi Dilavərə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 dekabr 2022-ci ildə, saat 18 radələrində Yardımlı rayonu Köryədi kəndi ərazisində yerləşən “Gümüş” adlı şadlıq sarayında baş verib. Elşən həmkəndlisi Dilavəri yumruqla qəsdən zərbə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, dekabrın 11-də Yardımlı rayonu Tahirli kəndində yaşayan şəxsin rayonun Köryədi kəndində yerləşən “Gümüş” şadlıq sarayında oğlu üçün toy mərasimi keçirib və onu da həmin toy mərasiminə dəvət edib: “Şadlıq sarayına həmkəndlim və qohumum Dilavərlə eyni stolda əyləşdim. Yemək yedikdən sonra atama məxsus dərmanları Bakı şəhərinə yola salmaq üçün şadlıq sarayının həyətinə çıxdım. Bu Dilavərin şadlıq sarayının sağ tərəfinə doğru getdiyini gördüm. Dilavər sərxoş olduğu üçün onun bibisi oğluna arxasınca getməsini, onun vəziyyəti ilə maraqlanmasını dedim. Bu vaxt Dilavər geri qayıdaraq yanıma gəldi. Məni nalayiq söyüşlərlə təhqir etməyə başladı. Dilavər sərxoş vəziyyətdə olduğu üçün ona baş qoşmaq istəmədim və ona söyüş söyməməsini bildirdim. Lakin Dilavər ünvanıma söyüşlər deməkdə davam etdiyi üçün əsəbləşdim. Ona şillə ilə zərbə vurdum”. İş üzrə zərərçəkmiş Dilavərin sözlərinə görə, Yardımlı rayonu Mirimli kəndində yaşayır və Yardımlı rayonu Mirimli kənd ümumi orta məktəbində dalandar vəzifəsində işləyir: “Dekabrın 11-də tanışı övladı üçün Yardımlı rayonu Köryədi kəndi ərazisində yerləşən “Gümüş” şadlıq sarayında toy mərasimi keçirib. Məni də həmin toy mərasiminə dəvət etdi. Buna görə də həmin tarixdə saat 15 radələrində idarə etdiyim “Vaz 21021” markalı avtomobil ilə həmkəndlim və qohumum ilə birlikdə şadlıq sarayına getdim. Toy mərasimində iştirak etdim, yemək yedim və spirtli içki qəbul etdim. Qohumum da mənimlə bir stolda əyləşmişdi. Bizimlə birlikdə əyləşənlər yemək yedikdən sonra stoldan qalxaraq şadlıq sarayının həyətinə çıxdılar. Mən və qohumum isə stoldan qalxmadıq. Bir az sonra qohumum siqaret çəkmək üçün şadlıq sarayından çıxdı. Qohumum şadlıq sarayına qayıtdıqdan sonra Elşən məni çağırmasını bildirdi. Mən isə qohumuma əyləşməsini dedim. Qohumum yenə də Elşənin məni çöldə gözlədiyini və işinin olmasını bildirdiyini dedi. Bundan sonra şadlıq sarayından çölə çıxdım. Şadlıq sarayının giriş qapısının çöl hissəsində Elşəni gördüm. Elşən mənə halın özündədir, ayaq üstə dura bilmirsən dedi və məni rişxənd etməyə başladı. Daha sonra Elşən mənə şadlıq sarayının sağ hissəsinə getməyimizi dedi. Birlikdə şadlıq sarayından təxminən 20-25 metr sağ tərəfə getdik. Orada Elşəni məni nalayiq söyüşlərlə təhqir etdi, yumruqla sifət nahiyəmə bir dəfə güclü zərbə vurdu. Mən aldığım zərbədən yerə çökdüm. Bundan sonra idarə etdiyim avtomobilə əyləşərək yaşadığım evə getdim. Lakin burnumdan axan qan dayanmadı. Atam qardaşım Vurğunla birlikdə məni Yardımlı Rayon Mərkəzi Xəstəxanasına gətirdilər. Orada mənə ilkin tibbi yardım göstərildi”.

Zərərçəkmiş qeyd edib ki, 30 yanvar 2023-cü ildə Bakı şəhərində müayinədən keçib, həkimlər sağ almacıq sümüyünün sındığını bildiriblər. Onun sözlərinə görə, buna görə də dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə Elşən tərəfindən döyülməsi barədə məlumat verib.

Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Təqsirləndirilən şəxsin cəzasının icrası yaşadığı yer üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova