Kriminal Özəl

Şəmkirdə əmi-qardaş oğlu arasında DAVA

Şəmkirdə əmi-qardaş oğlu arasında DAVA

Şəmkir rayonunda 1976-cı il təvəllüdlü Səməndər qardaşı oğlu Asəfə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səməndər 19 iyul 2022-ci ildə, saat 11 radələrində Şəmkir rayonu, Günəşli kəndinin ərazisində qardaşı İbrahimin istifadəsində olan 0,80 ha biçənək torpaq sahəsindən digər qardaşı oğlu Asəf tərəfindən icazəsiz istifadə edildiyinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində qarşılıqlı dava-dalaş zamanı sonuncunun onu vurması səbəbindən ondan qisas almaq niyyəti ilə əl zərbələri ilə qəsdən vurub.

Asəfə burun nahiyəsinin qançırları kimi sağlamlığa zərər vuran və sol gözaltı nahiyənin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirib.

Hadisəni törədən Səməndərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməndər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 19-da xəstə qardaşı İbrahimə məxsus biçənək sahəsində digər qardaşının oğlu Asəfi görüb: “Həmin vaxt Asəfə “bu yerdən mən istifadə edirəm, bəs sən burada nə edirsən?”- dedim. Asəf isə cavabında “sən kimsən?”- dedi. Bundan sonra Asəf həmin yerdən gedərək bir qədər sonra atası Eldar ilə birlikdə gəldi. Bu zaman aramızda mübahisə yarandı. Əsəbiləşərək qardaşım oğlu Asəfi vuraraq xəsarət yetirdim”.

İş üzrə zərərçəkmiş Asəfin sözlərinə görə, təqsirləndirilən Səməndər onun əmisidir, aralarında normal münasibətləri olub: “İyulun 19-da yaşadığımız Günəşli kəndinin bələdiyyəsi tərəfindən bizə verilmiş biçənəyə getdim. Həmin yerə getdikdən biraz sonra əmim Səməndər də oraya gəldi. Mənə “bu yer mənimdir, sən burada nə edirsən?”- dedi. Məni işləməyə qoymadı və təhqir etdi. Bu zaman əmim ilə aramızda mübahisə yarandı. Əmim Səməndər üz nahiyəmə yumuruq ilə vurdu. Mən xəsarət alaraq yerə yıxıldım. Bundan sonra əmim Səməndər oradan uzaqlaşdı. Mən isə hadisə baş verən yerdən evimizə tərəf gedərkən atam Eldar ilə rastlaşdım. Baş verənləri ona danışdım. Sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getdik. Daha sonradan isə atam ilə birlikdə polis şöbəsinə gələrək baş vermiş hadisə barədə ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səməndər hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası alıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova