Daxili siyasət

“Qarabağı Azərbaycandan qopara bilmədilər...” — TƏHLİL

“Qarabağı Azərbaycandan qopara bilmədilər...” — TƏHLİL

2023-cü ilin dekabr ayında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Oruc son 25 ilin tarix səhnəsində ən mühüm fenomenlərdən biri olan “rəngli inqilablar”ın mahiyyəti ilə bağlı çox diqqətçəkən fikirlərlə çıxış etdi. O bildirirdi ki, "narıncı və məxməri inqilablar Qərbin demokratiyanı silaha və işğal alətinə çevirməsinin qan rəngli nümunələridir.”

Bu fikirlərdən yola çıxaraq qeyd olunan anlayışın dərin tarixi-siyasi analizini əhəmiyyətli hesab edirəm. Qərb siyasi ədəbiyyatında ümumişlək bir anlayışa çevrilsə də, “rəngli inqilablar” konsepti birmənalı deyil. Bu konseptin reallıqda sadəcə post-sovet məkanında yox, o cümlədən keçmiş Yuqoslaviyada və “Ərəb Baharı” dövründə Orta Şərq coğrafiyasında baş verən hadisələrə də şamil olunur. Digər tərəfdən, “rəngli inqilablar”ın müəyyən bir ölkədə siyasi situasiyanın kəskin destabilizasiyası və xaos mühitinin yaradılması vasitəsilə “demokratik cəmiyyətin anqlo-sakson modeli”nin inyeksiyasında həlledici bir vasitə olduğu vurğulanmalıdır. O baxımdan, “rəngli inqilablar”ın reallıqda bir dövlət çevrilişi anlamına gəldiyini irəli sürən güclü arqumentasiyalar da mövcuddur. Buna görə də, Kreml siyasətqurucuları və rus analitikləri “rəngli inqilabları” Qərb tərəfindən bir sosial mühəndislik ssenarisinin həyata keçirilməyə başlanması və xüsusən də, Ukraynada 2014-cü ildə və ondan sonra baş verən siyasi prosesləri çağdaş beynəlxalq düzənin şərtlərində Rusiyanın identikliyi (imperiya, milli dövlət, Rus dünyası, suverenlik), rolu, məkanı və qabiliyyətləri perspektivindən essensial olaraq görürlər. Müəyyən konseptual təməllərə, spesifik texnologiya və metodologiyaya əsaslanan rəngli inqilablar yaxşı planlaşdırılır, təşkil olunur və həyata keçirilir. Onlar Albert Eynşteyn İnstitutunun qurucusu, amerikalı politoloq və “zorakılıqsız inqilab” nəzəriyyəçisi Cen Şarp tərəfindən (“Diktatorluqdan demokratiyaya” adlı kitabında) irəli sürülən metodologiya və ssenariyə uyğun olaraq reallaşdırılır. Onun əsərlərinin təməl ideyası “diktatorluqlar”ın zəif və güclü nöqtələrini müəyyən etmək, onların “Axilles dabanı”nı tapmaq və plan üzrə hərəkətə keçməkdir. Lakin Şarpın nəzəriyyəsini analiz etdiyimiz zaman rəngli inqilabların bir neçə xarakteristikası aydın olur. Bunlardan birincisi odur ki, Şarpın nəzəriyyəsindən fərqli olaraq, post-sovet məkanında rəngli inqilablar gücdən istifadəni istisna etmir. Etirazlar zamanı hüquq-mühafizə orqanlarının tələblərinə məhəl qoyulmur. Etirazlar nəticəsində seçkilərə getmək mümkün olduğu halda, qələbə elan olunur. Seçki nəticələri arzuolunmazdırsa, saxtalaşdırma iddiaları dərhal dövriyyəyə daxil edilir. Aksiyanın ana metodu hökumət binalarına gedən yolları bloklamaq, habelə mühüm inzibati binalara hücum etməklə paytaxt və ya böyük şəhərlərin mərkəzində kütləvi mitinqlər keçirməkdir. Çevrilişin əsas qüvvəsi bir siyasi partiya deyil, QHT-lərin geniş koalisiyasıdır. İnqilabdan illər öncə etirazlara maliyyə dəstəyi verən xarici qüvvələr prosesdə mühüm rol oynayır. Bu qüvvələr özlərini etirazları legitimləşdirməyə həvəsləndirən müstəqil arbitrator rolunda görürlər. Bütün hallarda, iqtidar əleyhdarlarının aksiyaları leqal, düzəni qorumağa yönəlmiş hökumət addımları isə illeqal olaraq dəyərləndirilir.

Qərb tərəfindən təşviq və təhrik olunan rəngli inqilabların hazırlıq fəaliyyətlərini, eskalasiya və postinqilab fəaliyyətlərini özündə ehtiva edən 6 ümumi mərhələyə diqqət çəkməyi zəruri hesab edirəm. Rəngli inqilabların ilkin mərhələsində məqsəd hədəf ölkədə situasiyanın qeyri-sabitləşdirilməsidir. Rəngli inqilabın planlaşdırıldığı sabit bir ölkədə destabilizasiyaya siyasi etiraz hərəkatlarının təşkili vasitəsilə nail olunur. Bu mərhələdə qüvvələrin bölüşdürülməsi və sosial bazanı müəyyən etmək, inqilabın müttəfiqləri və opponentləri bölgüsünü aparmaq çox önəmlidir. Analitiklərə görə, bu mərhələ məqsədlər və sosial fəallığın tipindən, regional və qlobal situasiyanın şərtlərindən asılı olmaqla 4 ildən 5 ilə qədər davam edəcək son dərəcə dəqiq modelləmə mərhələsidir. Modelləşdirmə sadəcə region və ölkənin siyasi, iqtisadi, sosial vəziyyətini deyil, liderlərin xarakteristikalarını, siyasi partiyaların gücünü, biznes və medianı nəzərə alır. İlkin mərhələnin məqsədlərinə nail olmaq situasiyanın konstant monitorinqini tələb edir. Bu monitorinq böyük informasiya kampaniyası, onun analizi və statistiki data ilə dəstəklənilir. Bu kampaniya region və ölkə haqqında məqalələrin dərci, analitik materiallar, rəy sorğularının nəticələri və statistiki data vasitəsilə yerinə yetirilir. Onlar bütöv cəmiyyətə təsiretmənin ən effektiv vasitələri sırasındadır. Burada ciddi təhdid yaradan məqam hökumətin özünün özünə bağlı olan analitik institutların statistiki data və analizlərinin nəticələrinə deyil, Qərb strukturlarının qolları olan müxtəlif mərkəzlər və ya təşkilatlara istinad etməsidir. İlkin mərhələ böyük ölçüdə Qərb kəşfiyyat institutları tərəfindən icra edilir. Situasiyanın diaqnozu tam informasiya kəşfiyyatı tsiklinin həyata keçirilməsinin nəticəsidir. Onun mərhələləri isə belədir: informasiya ehtiyaclarını formullaşdırma, emal etmə, analiz və geniş kütlələrə nəql etmə. İnformasiya analizi və kəşfiyyat qiymətləndirmələrinin nəticələri qərar qəbul edən və spesifik siyasəti icra edən təşkilatlara təqdim olunur.

İkinci mərhələ situasiyanın diaqnozu və gələcək fəaliyyətlərin hazırlanması üzərində köklənir. Situasiyanın diaqnozundan sonra ikinci mərhələnin məqsədi iqtidarın adekvat distribusiyası, hakimiyyətə gələcəklərin, inqilabın qurbanı olacaqların rollarının bölüşdürülməsi və siyasi səhnəni tərk edəcəklərin müəyyənləşdirilməsidir. O, yeni liderlər və yeni siyasi partiyaların təqdimatı, habelə onların sosial fərqindəliyi ilə bağlıdır. İqtidarın distribusiyası və rolların bölgüsü media məkanına informasiyanın daxil edilməsi, inqilabın həyata keçiriləcəyi ölkədə baş verməkdə olan seçilmiş hadisələr və proseslərin nümayiş etdirilməsi ilə reallaşır.

Üçüncü mərhələdə isə məqsəd qorxu və qeyri-məmnunluğu ifadə edən çoxsaylı əhali qruplarını böyük şəhərlərin küçələrinə çıxmağa sövq edəcək hadisə ortaya çıxarmaqdır. Bu hər hansı bir hadisə ola bilər, mediada istifadə olunan və sosial rezonans doğuracaq hadisə. Bu formada müxalif partiyaların konfrontasiyası qarşısıalınmaz bir münaqişəyə transformasiya olur və onu həlletmənin siyasi, diplomatik, hüquqi metodları bir səmərə vermir. Birinci və ikinci mərhələlərdə əsasən iqtisadi və sosial əsaslarda narazılıq yaradılır. Ukraynada “Narıncı inqilab” zamanı belə bir alovlandırıcı qığılcım universitet tələbələrinə ödənilən təqaüdlərin azlığı olmuşdu. 2013-cü ilin noyabrında Kiyevdə əsas narazılar qrupuna AB ilə assosiativ razılaşmanın imzalanmamasından hiddətlənən gənclər və tələbələr idi. Filimov bildirir ki, əhalinin 8 %-ə qədəri belə bir ölkədə sosial destabilizasiyanın yaradılmasında kritik kütlə ola bilər. Belə inqilabların sonrakı addımı etirazları legitimləşdirmək və sosial rezonans doğurmaq üçün narazı sosial qrupu nümayişlərə təhrik etməkdir. Bundan sonra, siyasi tələblər irəli sürməyə və gərginliyi yeni siyasi müstəviyə qaldırmağa hazır olan yeni siyasi aktorlar səhnəyə daxil olur. Bu, inqilabın ən önəmli məqamlarından biridir. Eyni zamanda etirazçılara maddi və maliyyə dəstəyi – həm də, tez-tez alkoqollu içkilər – təmin edilir. Bu məqamda həmçinin QHT-lər, şirkətlər və fondlar mühüm rol oynayır. Onlar nümayişçiləri maddi və logistik olaraq dəstəkləməklə yanaşı yeni hüquqi akt layihələrini hazırlayırlar.

Dördüncü mərhələdə isə, etirazların inqilabi fazaya transformasiyası baş verir. Daha çox insanın prosesə cəlb olunması ilə etirazlar kütləviləşir, genişmiqyaslı vətəndaş itaətsizliyi başlayır, gücdən istifadə elementləri meydana çıxır. Məhz bu inqilabi mərhələdə keçmiş iqtidarın (“rejim”in) devrilməsi və yeni “demokratik” iqtidarın təsis olunması ilə bağlı birbaşa tələblər irəli sürülür. Siyasi situasiyanı təməldən dəyişdirəcək şərtlərin yaradılması üçün fəaliyyətlərə başlanılır. Ən çox bu mərhələdə informasiyanı yaymaqla və kommunikasiyanı mümkün etməklə İnternet və sosial şəbəkələr xüsusilə mühüm rol oynayır. İnformasiya bütün fonu və mümkün nəticələri deyil, ən həssas məqamları təqdim edəcək şəkildə yayılır. Küçədəki etirazçıların sayından və liderlərin fəaliyyətindən asılı olaraq bu mərhələ çox qısa, bir və ya bir neçə gün davam edir.

Beşinci mərhələ isə hakimiyyət orqanlarına etirazçı kütlənin tələblərinin təqdim edilməsi ilə başlanır. Onların tələbləri “qarşılanmasının qeyri-mümkünlüyü” və ya icra olunmasının qanuni hökumətin devrilməsinə yol açacağı faktı ilə xarakterizə olunur. İlkin olaraq hadisələrin inkişafı bir qarşıdurma formasına çevrilmir, çünki etirazçılar hüquq-mühafizə qüvvələri – və güman ki, silahlı qüvvələr ilə də - toqquşmanın nəticələrindən agahdır. Həmçinin, iqtidarı qoruyan qüvvələr əleyhinə zorakılıq aktları da mövcuddur. Bu zaman hökumət qüvvələrinin də zorakılıq ilə cavab verməsi nəticəsində xaos başlanır. Eyni zamanda mövcud xaotik vəziyyət inqilabın təşkilatçılarının manipulyasiya obyektinə çevrilir. Etirazçılar emosional şok halındadır. Bundan sonra idarəetmə qabiliyyətini itirən hakimiyyət orqanlarının iflici baş verir. Və nəhayət, etirazçılar hökumətin yeni və legitim sturkturlarının yaradıldığını elan edirlər. Əgər müvəffəq olunsa, bundan sonra yeni “elitalar” hüquqi düzənə qayıtmağa çalışır.

İnqilabın altıncı mərhələsi isə hədəflənən ölkədə yeni siyasi reallığı başladır və paralel olaraq regionda da geosiyasi situasiyaya təsir edir. Bu mərhələlər demək olar ki, hər bir “rəngli inqilab”da baş verir. Xüsusən də, Ukraynada baş verən hadisələr analitikləri o nəticəni hasil etməyə vadar edir ki, ABŞ-nin məqsədi Rusiyanı Yeni Dünya Nizamının güclü və müstəqil aktoru kimi aradan qaldırmağa köklənən geostrateji, siyasi, iqtisadi, hərbi, o cümlədən kultural-dini məqsədlərini həyata keçirməkdir.

Tədqiqatçılar “rəngli inqilablar”ın bir neçə ssenarisinə də diqqət çəkirlər. Birinci ssenari narıncı, klassik strategiyadır. O, seçkilər ərzində mövcud hakimiyyətlərin gözlənilməz təlatümününə hazırlığı özündə ehtiva edir. Müxalif elitaların dominant elitaları devirməyə çalışdığı bir elektoral mübarizədə iqtidarın legitimliyi böhranı ortaya çıxır. Analitiklərə görə, Ukrayna təcrübəsi onu göstərir ki, taktiki məqsədlər üçün müvəqqəti koalisiya quran müxtəlif elita klanları arasında mübarizənin olduğu bir cəmiyyətdə belə bir ssenari mümkündür. Rəngli inqilaba qədər hakimiyyətlər bu klanlar arasındakı balansı qorumağa və onlar arasında əməkdaşlıq mexanizmlərini yaratmağa məcburdur. Ələlxüsus, Gürcüstan, Ukrayna, Qırğızıstan və Özbəkistanda belə bir sistemin dezinteqrasiya prosesi siyasi iqtidarın transferi üçün hüquqi mexanizmlərin çatışmazlığı nəticəsində sürətlənir.

Digər mümkün ssenari isə “Romaya yürüş” adlanır. Bu, regionlarda və paytaxtdakı qüvvələr tərəfindən hazırlanan inqilabın əyalətlərdən paytaxta ixracını özündə ehtiva edir. Öz dəstəkçilərinin Qoridən Tbilisiyə yerdəyişdirməsini təşkil edən M.Saakaşvili məhz bu yolu seçmişdi. Hadisələrin oxşar kursu 2005-ci ildə Qırğızıstan və Özbəkistanda da baş verdi. Bu ssenarinin elementləri 2000-ci ildə Serbiyada da özünü göstərmişdi. Belə ki, inqilabi gənclik əyalətlərdən paytaxta istiqamətləndirilmişdi. Eləcə də, Ukraynada radikal yönümlü gənclik 2013-cü ilin dekabrından 2014-cü ilin fevralına qədər – 3 ayda ölkənin qərb regionlarından Kiyevin Maidanına yönləndirilmişdi. Analitiklərə görə, inqilablardakı bu “milis qüvvələri” xüsusən ABŞ, Britaniya və Almaniyanın xüsusi xidmət orqanları tərəfindən hazırlanır.

Atlantik Şurasının Avrasiya Mərkəzinin direktor müavini Melinda Heyrinq 2013-cü ildə “Foreign Policy”dəki məqaləsində bildirir ki,” keçmiş Sovet İttifaqı məkanındakı (Gürcüstanda “Qızılgül inqilabı” - 2003, Ukraynada “Narıncı inqilab” - 2004 və Qırğızıstanda “Lalə inqilabı” - 2005) sülhpərvər üsyanlar islahata yönümlü, modernist siyasətçiləri iqtidara gətirsə də, vəd olunan genişmiqyaslı dəyişikliklər əsla reallaşdırılmadı”. Belə ki, Gürcüstanda M.Saakaşvili azad-bazar islahatlarını dəstəkləsə də, siyasi elitada korrupsiyalaşma sürətlə davam edirdi. Ukraynada V.Yuşenkonun bir vaxtlar müttəfiqi olan Y.Timoşenko ilə şiddətli “ağız döyüşü” inqilabın “pis adamı” V.Yanukoviçin 2006-cı ildə baş nazir olaraq vəzifəyə qayıda bilməsinə və 4 il sonra prezident seçkilərində qalib olmasına şərait yaratdı. Qırğızıstanda Ə.Akayevin devrilməsi ilə nəticələnən “Lalə inqilabı”nın lideri Kurmanbek Bakıyev özünü ölkənin yeganə güclü siyasi lideri olaraq qəbul etdirdi və qeyri-rəsmi olaraq oğlu Maksimi ölkənin bütün biznes əməliyyatlarının məsul şəxsi statusuna gətirdi. Kəskin qiymət artımlarının ardınca baş verən qanlı toqquşmalardan sonra Bakıyev Minskə qaçmalı oldu. Devrilmiş prezident Ə.Akayev 2016-cı ildə verdiyi müsahibəsində "Lalə inqilabı"nı inqilab yox, faktiki olaraq dövlət çevrilişi adlandırmışdı: “Bu çevrilişi ABŞ kəşfiyyatı təşkil edib. Onlar bu işdə iştirak etdiklərini gizlətmirdilər. Bu işlə ABŞ səfiri Stiven Yanq açıq şəkildə məşğul olurdu. Bizdən öncə Gürcüstan və Ukrayna inqilabları olmuşdu. Onlara elə gəlirdi ki, demokratikləşmə uğurla gedir və bu təcrübəni Mərkəzi Asiyada da yaymaq lazımdır. "Lalə inqilabı"nı planlaşdırdılar, amma inqilab yox, dövlət çevrilişi etdilər. Təxminən bir ay sonra onlar eyni inqilabı Özbəkistanda, Əndicanda etmək istədilər, lakin bunun qarşısı sərt şəkildə alındı. Amerikalılar həmişə hesab edirdilər ki, Qırğızıstan Mərkəzi Asiyanın demokratiya adası, prezident Akayev isə Ceferson idi. 2004-cü ildə ABŞ Dövlət Departamenti mənə "Manas" aeroportunda "Avaks" sistemlərinin yerləşdirilməsi üçün müraciət etdi. Bunun üçün Dövlət katibinin köməkçisi də Qırğızıstana gəldi. Avaks "Boinq" üzərində olan radiolokasiya stansiyası idi. O, Qırğızıstanda səmaya qalxanda 3 min kilometr məsafədə hər şeyi görürdü. Bu, Çinlə Rusiyanın yarısı demək idi. Biz buna icazə verə bilməzdik. Bundan sonra onlar məni devirmək qərarına gəldilər".

Son həftələrdə Serbiyada baş verən hadisələr bir “rəngli inqilab”ın ön mərhələsinin xarakteristikasını özündə əks etdirir. Belə ki, prezident A.Vuçiç-in partiyasının parlament seçkilərində aşkar qələbəsini tanımaq istəməyən müxalifət qüvvələrinin etiraz aksiyaları keçmiş sosialist ölkələrində Qərbin müstəqil, milli və suveren dövlətlərə qarşı maydan inqilablarının davamıdır. Millət vəkili Z.Oruc qeyd edir: “Prezident Vuçiç haqlı olaraq şəhər meriyasına zorakı hücumun xaricdən idarə olunan, Brüsseldən təyin edilən, Rusiya əleyhinə sanskiyalara və NATO-ya qoşulan hökumət qurmaq planının tərkib hissəsi adlandırıb. Özünü müstəqil sayan, lakin tərəfsizlik prinsipini hər addımda pozan CNN televiziyası müxalifətin əsas tribunasıdır. Amerika və Almaniyanın qeyri-hökumət təşkilatları və siyasi institutları etirazçıları, xüsusilə tələbə-gəncləri fasiləsiz aksiyalara, toqquşma və dövlət çevrilişinə səsləyir. Bir vaxtlar Slobodan Miloşeviçi Haaqa tribunalında mühakimə edənlər Serbiyaya elə bir rəhbər seçilməsini istəyir ki, xalq Kosovonanın müstəqilliyi ilə birdəfəlik barışsın. Bizə tanış mənzərədir, deyilmi?”

Bütün bunlar bir daha ona dəlalət edir ki, rəngli inqilab xarici qüvvələr tərəfindən məqsədli şəkildə bir ölkədə siyasi qeyri-sabitliyi tətikləmək və rejim dəyişikliyinə nail olmaq üçün qurulan bir siyasi sxemdir. Siyasi elmlər üzrə professor Andrey Manoilo qeyd edir ki, rəngli inqilabların əsas təhlükəsi xalqı və resursları ilə birlikdə bir ölkəni total şəkildə xarici qüvvələrin nəzarətinə tabe etməkdir.

Manoiloya görə, Ukrayna örnəyi rəngli inqilabın qurbanı olan bir ölkənin necə muxtariyyətini itirdiyini və iqtisadi anlamda sistemli talançılıqdan əziyyət çəkdiyini göstərir. Əlavə olaraq, Maniolo bildirir ki, rəngli inqilablar bir ölkədə vətəndaş müharibəsi üçün zəmin hazırlayır. Bu inqilabların arxasındakı qüvvələr vətəndaş müharibəsinin alovlanmasını səbrsizliklə gözləyir, çünki məhz bu növ münaqişə ilə hədəflənən dövlət üzərində tam nəzarət yaratmaq mümkün olur.

Azərbaycan isə nəinki rəngli inqilablardan yan keçdi, hətta qalib gəldi. Bu xüsusda, millət vəkili Z.Oruc bildirir: “Azərbaycan xalqı 44 müqəddəs gündə təkcə işğala qarşı deyil, həm də dövlətimizin siyasi gələcəyini müstəqil müəyyənləşdirməyə nail oldu. Ölkəmizə qarşı xarici təzyiq və müdaxilələrin əsas hədəfi demokratiya deyil, separatizm və təcavüzün cəngində torpaqlarımızı, sərvətlərimizi ələ keçirməkdir. Ona görə də seçkiləri geosiyasi mübarizə arenasına çevirən Qərb Gürcüstan və Ukraynanı hərbi toqquşma meydanına çevirdilər. Ağır nəticələri hamıya bəllidir. Oxşar ssenari ilə keçmiş Yuqoslaviyanın varisi olan Serbiyadan Kosovanı ələ keçirdikləri kimi, Qarabağı Azərbaycandan qopara bilməmələri onların ən böyük siyasi məğlubiyyətidir.” (azpolitika.info)

D
demokrat.az