Sumqayıt şəhərində 1969-cu il təvəllüdlü Əli ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Fatmaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 21-də baş verib. Əli həmin gün saat 11 radələrində yaşadığı evə orta dərəcəli sərxoş vəziyyətdə gəlib. O, keçmiş həyat yoldaşı Fatma ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən evdə ona məxsus otaqdakı əşyaların sonuncu tərəfindən yığışdırılmasına görə aralarında mübahisə baş verib. Mübahisə zamanı yumruqla Fatmanın baş və bədən nahiyyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona xəsarət yetirib.
Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ki, zərərçəkmiş Fatma onun keçmiş həyat yoldaşıdır, onların 3 övladı var: “2016-ci ildə spirtli içki qəbul etdiyimə görə Fatma məndən boşandı. Həmin ildən bəri bizim aramızda dəfələrlə ev üstündə mübahisə olub. Fatma məni yaşadığım evdən çıxarıb. Bu barədə dəfələrlə məhkəməyə müraciət etdikdən sonra məhkəmənin qətnaməsi əsasında evə yerləşdirilmişəm. Bu səbəbdən bir yerdə qalmağa başlamışıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 11 radələrində yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayonda evdə dişi ağrıdığı üçün spirtli içki qəbul edib və sərxoş vəziyyətə düşüb: “Həmin vaxt anam da evdə olub. Fatma mənim yerləşdirildiyim otaqdakı stol, stulların hamsını yığışdırmışdı. Evdə oturmağa yerim olmadığından Fatmaya nə səbəbə evdəki əşyaların hamısını yığışdırmasını dedim. Bu zaman Fatma evdə mənə aid heç nəyin olmadığını dedi. Nəticədə mübahisə etməyə başladım. Həmin vaxt mən də Fatmanı təhqir etsəm də, onu vurmadım. Fatma isə dərhal polisə zəng vurdu”.
Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandğı üçün ifadələrin ziddiyyət yaranmış hissəsi elan edilib.
Müəyyən edilib ki, həmin hissədə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə görə, mübahisə zamanı içkili olduğuna görə əsəbləşərək Fatmanın üzərinə hücum çəkib, yumruqla onun başına və boynuna zərbələr vurmağa başlayıb və bu zaman anası araya girib, onları ayırıb.
Təqsirləndirilən şəxs ifadəsində olan ziddiyyətlərlə bağlı suala cavab kimi bildirib ki, hər şeydən bezdiyi üçün ibtidai istintaq zamanı özünü təqsirli bilməsi barədə ifadə verib.
İş üzrə zərərçəkmiş Fatmanın sözlərinə görə, keçmiş yoldaşı Əli spirtli içki aludəçisi olduğu və daima evdə onunla mübahisə etməsinə görə məhkəmənin qərarı ilə 2016-cı ildə ondan ayrılıb: “Həmin ildən bəri də Əli məndən ayrı yaşayıb. Son zamanlar məhkəmənin qərarı ilə yaşadığım mənzilə yerləşib. Buna baxmayaraq yenə həmişə evə spirtli içkinin təsiri altında gəlib. Sonuncu dəfə saat 11 radələrində evdə olan zaman Əlinin evə yenə içkili vəziyyətdə gəldi. Bu zaman evdə söz söhbət yaradacağını düşündüyümdən keçmiş qaynanama məlumat verdim. Həmin vaxtı qayınanam da yaşadığım evə gəldi. Bu zaman Əli otağında əşyaların harda olduğunu soruşdu. Əliyə əşyaları özümün aldığını dedim və daha sonra içməsi ilə bağlı iradımı bildirdim. Nəticədə aramızda mübahisə yarandı. Bu zaman Əli anasının yanında bədən və baş nahiyyəmə yumruqla zərbələr vurmağa başladı. Qayınanam da araya girdi, Əlini məndən uzaqlaşdırdı”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Əli mətbəxtdən bıçaq götürüb və onun üzərinə hücum çəkmək istəyib: “Bu zaman qayınanam araya girdi, ondan bıçağı aldı. Hadisə zamanı Əli məni yumruqla vursa da, mən ona toxunmamışam”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əli 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb.
Fariz Məlikli Demokrat.az


