Başa vurmaqda olduğumuz il ərzində manatın məzənnəsi dollar qarşısında stabil qaldı, ucuzlaşma müşahidə olunmadı. Baxmayaraq ki, rus rublu, türk lirəsi digər məzənnələr qarşısında ucuzlaşdı. 2024-cü ildə manat-dollar nisbətində dəyişiklik ola bilərmi?
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında sualı cavablandırıb:

“Mərkəzi Bank növbəti ildə pul-kredit siyasəti ilə bağlı proqnozlarını açıqladı. Gələn il 5-5,5 faiz arası inflyasiya gözlənilir. Tədiyyə balansının profisitinin 7-8 milyard dollar olacağı bildirilir. Mərkəzi Bankın növbəti ilə dair proqnozlarına nəzər salsaq, görərik ki, ən az növbəti bir ildə də manatın dollar qarşısında məzənnəsinin sabit saxlanılması planlaşdırılır. Tədiyyə balansı və inflyasiya proqnozları, eyni zamanda inflyasiyanı aşağı salacaq amillər arasında manatın nominal effektiv məzənnəsinin bahalaşacağına dair mülahizələr bunu deməyə əsas verir. Yəni növbəti ildə manatın dollar qarşısında məzənnəsinin stabil qalması üçün əsas var, Mərkəzi Bank bunun üçün çalışacaq. Amma tədiyyə balansının profisitindən asılı olaraq vəziyyət dəyişə bilər. Neft və qazın qiyməti də vəziyyətə təsir göstərən ciddi amildir”.
Törə Zeynallı Demokrat.az


