Gündəm Özəl

Ekspert: “Utilizasiyanın tətbiqi qəzalarda ölüm hallarının sayını azaldacaq”

Ekspert: “Utilizasiyanın tətbiqi qəzalarda ölüm hallarının sayını azaldacaq”

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib. Daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı qərara əsasən nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” Qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Dövlət texniki baxışının həyata keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında bildirib ki, utilizasiya prosesi ilə bağlı qaydalara əsasən vətəndaş köhnə avtomobilini utilizasiyaya verdikdə ona nağd pul və ya çek verilir:

“Həmin çek əsasında yeni avtomobil almaq üçün bir dəfə müraciət edilə bilər. Utilizasiya ilə bağlı qərarın mahiyyəti həm də insanların köhnə avtomobillərə marağını azaltmaqdır. Azərbaycanda yol qəzalarının 70 faizinə köhnə avtomobillər səbəb olur.

Utilizasiya proqramı çərçivəsində verilən qərar ölkədə avtomobil parkının yenilənməsinə, ekoloji mühitin qorunmasına və baş verən qəzalarda ölüm sayının azaldılmasına təsir edəcək. Bu yanaşma dünyanın bütün ölkələrində tətbiq olunur. Xaricdə eyni model avtomobilin yeni versiyası ilə qəza baş verən zaman xəsarət alan olmur. Azərbaycanda isə 20 il istismar olunan köhnə versiya model avtomobilin sürücüsü kiçik bir qəza törətdikdə ölüm halı baş verir. Bu müqayisədən utilizasiya prosesinin əhəmiyyətini anlamaq olur”.

Ekspert texniki baxış zamanı ödəniləcək rüsumlar barədə də məlumat verib:

“İstismar müddəti 1-10 il olan avtomobillər üçün 10 manat, 11-21 il olanlar üçün 20 manat, 31 ilədək istimar olunanlar üçün 30 manat, 31 ildən yuxarı olan avtomobillər üçün 40 manat rüsum ödənilməlidir.

Utilizasiya haqları Utilizasiya Fondunda toplanacaq. Vətəndaş köhnə avtomobilini təhvil verdikdə ona ödəniləcək pul da fonddan təmin ediləcək. Yəni vətəndaşın ödədiyi rüsum əslində onun özünə qayıda bilər. Düşünürəm ki, istehsal ili 10 ilədək olan avtomobillərə görə rüsum haqqı ləğv edilməlidir, çünki bunlar yeni avtomobil sayılır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az