Kriminal Özəl

Abşeronda 71 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Abşeronda 71 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Abşeron rayonunda 1952-ci il təvəllüdlü Anar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 16-da Abşeron rayonu, Atyalı qəsəbəsi, yeni yaşayış massivində baş verib.

Anar yaşadığı fərdi yaşayış evində arvadı Kəmalənin ondan xərcləmək üçün istədiyi pulu verməməsi, habelə onun şəxsi işlərinə müdaxilə etməsi səbəbindən ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edib. O, həmin mübahisə əsnasında Kəmalənin üzərinə hücum edib və qəsdən yumruqla onun sifət, baş, qol, bədəninin müxtəlif nahiyələrinə, təpiklə ayaq və bədəninin digər nahiyələrinə zərbələr vurub.

Hadisəni törədən Anarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Kəmalə ilə əvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar Kəmalənin tez-tez yersiz danışdığından və hər axşam ondan pul istədiyindən aralarında mübahisələr yaranmağa başlayıb: “Hadisə günü, saat 22 radələrində yaşadığımız evdə olan zaman Kəmalə mənə irad bildirərək, xərclik vermədiyimi dedi. Mən isə cavabımda işləmədiyim üçün pulumun olmadığını bildirdim. Bu zaman aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Kəmalə qışqıraraq mənimlə kobud tərzdə danışdı. Bundan əsəbləşərək əvvəl yumruqla Kəmalənin n sifət və qol nahiyələrinə, davamında isə təpiklə ayaq nahiyəsinə zərbələr vurdum”.

İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, təqsirləndirilən Anar ilə 1984-cü ildə ailə həyatı qurub: “Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar Anar hər bir işə qarışaraq tez-tez mübahisələr yaratmağa başlayıb. Hadisə günü, saat 22 radələrində yaşadığımız ı evdə olan zaman Anar məndən işlərinə qarışmamağımı, ümumiyyətlə ona söz deməməyimi bildirdi. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Anar üzərimə gələrək yumruqla çənə, baş və qol nahiyələrimə, təpiklə sağ bud nahiyəmə zərbələr vuraraq mənə xəsarət yetirdi. Bu barədə Qobu polis bölməsinə ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Anarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova