Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə yeni sənaye zonalarının yaradılacağını qeyd edib. O deyib ki, Gəncədə sənaye zonası yaradılacaq: “Hazırkı dövrdə Azərbaycan üçün fiskal gəlir əsas hədəf deyil. Bizim əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi, ölkənin sənaye potensialını artırmaqdır. Əsas meyar istehsal edilən məhsulun ixracıdır. Bunun üçün Ələt iqtisadi zonası var. Ölkədə sənaye zonaları yaradılıb. Eyni zamanda, sənaye zonalarında vergi və digər güzəştlər nəzərdə tutulub. Gəncə zonasında yeni sənaye zonası yaradılması planlaşdırılır”.
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, texnologiya və sənaye parklarında daha çox ixrac yönümlü şirkətlər nümayəndəlik aça bilir:

“Qeydiyyatdan keçdikdən sonra onlara 7 illik vergi güzəştləri edilir. Texnoloji parkda əlverişli inzibati infrastruktur mühiti yaradılır. Şirkət işçi vergisindən başqa digər vergi və rüsumlardan azaddır. Ayrı-ayrı şirkətlərə deyil, texnoloji parkın rezidentlərinə bu güzəştlərin edilməsi daha obyektivdir. Gəncədə sənaye parkının yaradılması müsbət haldır. Nəzərə alsaq ki, Gəncənin yerləşdiyi ərazi Kəlbəcər və Laçına yaxındır və azad olunmuş torpaqlarda bərpa və quruculuq işləri aparılır. Gəncə şəhərinin özü də infrastruktur baxımından inkişaf edib, işçi tapmaq çətin olmayacaq. Şirkətlər bu məsələlərə diqqət edirlər. İşğaldan azad olunmuş ərazilərə yaxın sənaye parkının yaradılması həm Gəncəni daha da inkişaf etdirəcək, həm də Gəncədən Gürcüstana ixrac bazarı da genişlənəcək. Güman edirəm ki, şirkətlər bu üstünlüklərdən yararlanacaq”.
Törə Zeynallı Demokrat.az


