Lerikin Noda kəndində evdə maye qaz balonu partlayıb.
APA-nın məlumatına görə, hadisə nəticəsində kənd sakinləri – 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o, dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, evdə istər maye, istər propan qaz balonu olsun, onların saxlanılmasında təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir: “Evdə qaz balonunun olması risk deməkdir artıq. Qaz balonunun saxlanıldığı yerdə rütubət, nəmişlik olmamalıdır, havanın temperaturuna diqqət etmək lazımdır. Qaz balonu saxlanılan yerdə istilik avadanlıqları, qızdırıcıların olması təhlükəlidir, aralarında iki metr məsafə olmalıdır. Qaz balonu saxlanılan yerin döşəməsi, tavanı yanmayan materiallardan olmalıdır, həmçinin ətrafında da tez alışan əşyalar qoyulmamalıdır. Bir neçə balonu bir yerdə saxlamaq da yolverilməzdir. Balon özü saz vəziyyətdə olmalıdır, deformasiyaya, korroziyaya uğramış vəziyyətdə olmamalıdır. Yaxşı olar ki, köhnə, üzərinin boyası korlanmış, şlanqları nasaz vəziyyətdə olan qaz balonlarından ümumiyyətlə istifadə edilməsin. İldə bir dəfə qaz balonu texniki baxışdan keçirilməlidir. Qaz balonundan uzun illər istifadə edirlər, yararsız vəziyyətə düşür, bu da real təhlükə mənbəyidir”.