“İşsizlikdən sığorta haqqında” qanuna ediləcək dəyişikliklərə əsasən sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. Bundan başqa Milli Məclisdə müzakirələr zamanı deputat Vüqar Bayramov təklif edib ki, ailədə əlilliyi olan uşaqlar üçün daha yüksək əlavələr ödənilsin, əlavə 5 faiz deyil, 10 faiz hesablansın. Deputatın fikrincə bu, həmin ailələrə maddi dəstəyi artıracaq.
Sosioloq Lalə Mehralı da Demokrat.az-a açıqlamasında əlilliyi olan uşaqlara nisbətdə ödənişlərin fərqləndirilməsini ədalətli qərar hesab edir:

"Əlavələr elə yüksək olmasa da bunun özü belə həmin ailələrə dəstəkdir. Çünki əlilliyi olan uşaqları böyütmək, onların ehtiyaclarını ödəmək, qayğılarına qalmaq daha çox vəsait tələb edir. Onların qidalanması, tibbi xərcləri, təhsil məsələləri digər yaşıdlarından fərqlənir. Əlavələrin ailə büdcəsinə müəyyən təsiri olacaq təbii ki, ədalətli qərardır. Amma artımların daha yüksək olması arzuolunandır. Uşaq pulu məsələsi burada yenidən gündəmə gəlir. Uşaq pulu verilsə, bu, əlilliyi olan övladların ailələrinə ikiqat dəstək olardı. Burada da yenə güzəştlər tətbiq oluna bilərdi. Onların pensiyası müəyyən qədər problemlərinə çarə olur, amma elə də yüksək məbləğdən söhbət getmir".
Törə Zeynallı Demokrat.az


